"Hər zaman narkotiklə bağlı mübarizə aparıldığı söylənilir. Hüquq-mühafizə orqanları narkotacirləri saxlayır, həbs edir. Lakin bu, çıxış yolu deyil".
Bunu "Sherg.az"a açıqlamasında sosioloq Əhməd Qəşəmoğlu deyib.
Sosioloq bildirib ki, cəmiyyət həssaslaşıb, mürəkkəbləşib. 20-50 il qabaqkı metodlarla mübarizə aparmaq olmur:
"Narkotiki kiminsə əlindən almaq indiki cəmiyyətdə məsələni həll etmir, kompeks tədbirlər görülməlidir. İctimai qınaq da gücləndirilməlidir. Narkotik istifadəçilərinin özü ilə sosial məsələlərdə danışmaq və s. lazımdır. Narkotik istifadəçiləriylə elə iş aparmaq gərəkir ki, polisdən qaçmaq əvəzinə kömək etsin.
"Space" televiziyasının yan tərəfində yaşayıram. Məhəlləmizdə əksəriyyəti narkotik istifadəçisidir. Onların nə vəziyyətdə olduğunu görürəm.
Narkotik istifadəçilərinin sosial, psixoloji portreti müəyyənləşməlidir. Uzun müddət narkotik istifadəçisinin üstünə qışqırıb "istifadə etmə" demək mümkün deyil.
Elmi təhlil əsasında fəaliyyət proqramı hazırlanmalıdır".
Qeyd edək ki, özünü “iranlı” kimi təqdim edən şəxs vətəndaşlara zəng vuraraq, narkotik satmağı təklif edib. Bu barədə sosial şəbəkələrdə görüntülər paylaşılıb.
Görüntülərdə əks olunub ki, Rza adlı şəxs tanımadığı insanlara zəng edərək, onlara narkokuryerlik təklif edir.
Narkotacir Bakının “NZS qəsəbəsi” adlanan ərazisində narkotik anbarının olduğunu, “müştəri”nin oradan narkotik ala biləcəyini qeyd edib.
Məsələ ilə bağlı Daxili İşlər Nazirliyindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, nazirlik sözügedən videogörüntülər barədə məlumatlıdır.