Qaradağ rayonu “Qobu Park-2” yaşayış kompleksində 16 saylı binanın sakinləri təhlükə ilə üz-üzədirlər.
"Sherg.az" Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə həmin binanın sakinləri məlumat veriblər.
Bildirilib ki, binanın təməlinə su sızır, hər an təhlükə yaşana bilər: “Binanın təməlinə su sızır. Bina önə doğru əyilib. Hər an təhlükə yaşana bilər. Bu hal daha öncə digər binalarda da yaşanıb. Qrunt suları özülə axır. Zəlzələ olsa, bina yerlə bir olacaq”.
Sakinlərin sözlərinə görə, binanın özülünə hazırda beton tökülür:
“Hazırda binanın özülünə beton tökülür. Guya təhlükəsizliyin qarşısını almağa çalışırlar. Əyilmiş binaya beton tökülməsi nə dərəcədə doğrudur?
Məsələ ilə bağlı “Kristal Abşeron”un iş icraçısı Eldar Məmmədov bildirib ki, Sözügedən binada həyat əhəmiyyətli təhlükə yoxdur.
O qeyd edib ki, sakinlərin şikayətinə səbəb olan bir problem yoxdur və onlar rahat şəkildə yaşaya bilərlər:
“Problem binanın altından keçən su xətləri ilə əlaqədi idi. Həmin xətlər artıq uzaqlaşdırılıb”.
Hadisəyə münasibət bildirən memar Faiq İsmayılov "Sherg.az"a bildirib ki, yəqin, binada hansı işlərin aparılmalı olduğunu rəhbərlik özü bilir:
"Məsələ burasındadır ki, əyilən binaları düzəltmək mümkündür. Yəni indiki texnologiya ilə onun sökülməsinə ehtiyac qalmır. Bu baxımdan mütəxəssislər problemlə bağlı fikir yürüdüb, onu aradan qaldıracaqlar.
Ümumiyyətlə, Azərbaycanda bundan öncə də əyilən binalar olub və düzəldilib. Orda hansısa bədbəxt hadisənin baş verməsi və ya təbii fəlakət zamanı uçması, tikililin keyfiyyətindən asılıdır. Bunun nə mərtəbəyə, nə də böyük- kiçik olmasına aidiyyəti yoxdur. Digər tərəfdən qəzalı vəziyyətdə olan və ya müddətini başa vurmuş binalar bərpa edilə bilməz.
Onlar sökülüb yenidən tikilməlidir. Yəni bina təzə tikilibsə, onu indiki texnologiya ilə düzəltmək olur. Amma qəzalı binalar mütləq şəkildə yenilənməlidir".