Şəhidin nişanlısı qaynı ilə evlənir! - Bir cəmiyyətin FACİƏSİ! – QINAQ!

“Bu evliliyin ortasında həmişə bir ruh dolaşacaq” 

“Şəxsi həyat deyib durmusunuz. Amma bu evlilik bölgələrdə fəxrlə Azərbaycan qadını dediyiniz varlığın min bir əzabının göstəricisidir”.
“Sherg.az” xəbər verir ki, bu sözləri Feysbukda aparıcı İradə İsak yazıb. Jurnalist sosial şəbəkələrdə müzakirə yaradan şəhid Elçin Mustafazadənin qardaşının mərhumun nişanlısı ilə ailə qurmağa hazırlaşmasına irad bildirib:
“Mən burada qısa müddətə yaranan sevgi nağılına inanmıram. Məntiqə uyğun deyil!
Bir suveniri sənə kimsə hədiyyə edirsə, hər gözünə sataşanda o insanı xatırlayırsan.
Şəhidin nişanlısı ondan bir nişanədir. Ona hər baxanda kimin nələr yadına düşəcək?

Səbəb. Ata-ananın qorxusudur. "Bu qızı birdən kimsə almaz qorxusu".
Azərbaycan qadını axı bir gün kimsə tərəfindən seçilib alınacağı o gün üçün doğulub.

Vay, birdən bu qıza kimsə yaxın durmasa?! Vay, birdən bizim qeyrətimizə kimsə yaxın dursa?! Rayonda hamı barmaqla göstərəcək bizim qızı. "Bu qızın şəkli saytları bəzəmişdi ey, kim alacaqdı onu?"
Kömək edək, təhsili haqda, inkişafı haqda düşünək. Bu sistem, bu proqram isə əvvəldən yoxdur. Onlar ərə getmək üçün vardır və doğulublar.

Qadınların inkişafı ilə məşğul olan bur düjün QHT də layihə pulunu alıb, İcra hakimiyyətinin binasında 10 gün tədbir keçirib gəliblər.

Maarifləndirən yox, problemini dinləyən yox, bölgələrdəki vətəndaşlarla işləyən yox. 
O qadının iqtisadi azadlığı yox, təhsili yox, güzəranı başqalarının əlində. Fotoda gülümsəyir gənclər. Onları inandırıblar ki, hər şey əla olacaq. Amma kimsə deməyib ki, bu evliliyin ortasında həmişə bir ruh dolaşacaq. Bu cəmiyyətin problemidir əslində. Nə anlayan var, nə anladan. Yenə çəpiyinizi çalın, hamımız xoşbəxt olaq. Onlar da, biz də. Allah hamımıza xeyir versin ki, bu ağılla məhv olmayaq”.