Yayın BƏLASI - Boğulma hallarının qarşısını necə alaq? 

"İnsanlar yay mövsümündə istirahətlərini xoş vaxt keçirmək, sərinləmək üçün əsasən, çimərlik, dəniz qırağı, su hövzələrinə üz tuturlar. Lakin təhlükələr, bəzən də bədbəxt hadisələr qaçılmaz olur".

Bunu "Sherg.az"a təhlükəsizlik eksperti Elmar Nurəliyev dəniz mövsümündə insanların boğulma riskləri barədə danışarkən deyib. O vurğulayıb ki, çimərlikdə təhlükəsizlik qaydalarına ciddi şəkildə riayət edilməlidir:

"Bir neçə dəfə bu qaydaları heçə saysalar da, unutmayaq ki, sonluq bədbəxt hadisə ilə nəticələnə bilər. Çimərliyə planlı şəkildə getmək lazımdır. Bəzi hallarda adına istirahət dediyimiz əyləncənin də təhlükəli tərəfləri olur. Fəaliyyətinə çimərliklərin icazə verilən, xilasetmə xidmət olan çimərliklərdən istifadə etməliyik. Hava şəraiti də nəzərə alınmalıdır. Küləkli, dumanlı, çiskinli havada, günün qaranlıq saatlarında çimərliyə getmək qadağandır. Nəticədə bədbəxt hadisə qaçılmaz olur. Bəzən hətta çimərliyə sərxoş vəziyyətdə də gedirlər. Həmin şəxslər dəniz sahilində istirahət edənlərə də narahatlıq yaradır. Həm də sərxoş vəziyyətdə suya girərkən boğulma riski 3 dəfədən çox artır. Ona görə də mütləq elementar təhlükəsizlik qaydalarını bilmək, əməl etmək mühümdür. İnsanlar üzmək üçün nəzərdə tutulan məsafəni keçməməlidirlər. Həmin yer xüsusi nişanlar, toplar vasitəsilə fərqləndirilir, işarə edilir. Əyləncə üçün hər hansı daş parçasının üstündən suya tullananmaq da yolverilməzdir. Bəzi vaxtlar bu qayalıqların dibində boşluqlar olur. Boğulma hadisələrinin də çoxu həmin boşluqlarda baş verir".


Ekspert diqqətə çatdırıb ki, bəzi valideynlər uşaqları nəzarətsiz qoyur:

"Hər il dəfələrlə bu kimi halların şahidi oluruq. Valideyn çimərlik sahilində uşağını axtarır. Kənardakı şəxslərə qarşı da diqqətli olmaqda fayda var. Dəfələrlə adamın yanındakı şəxs suda boğulub, amma o, fərqinə varmayıb. Hər çimərliyin özünəaid müəyyən xüsusiyyətləri də olur. Məsələn, elə çimərliklər var ki, suyun sütun dərinliyi sahilə paralel, perpendikulyar dalğavari xətt üzrə axın edir. İnsan müəyyən qədər bir xətt üzrə irəliyə getdikdən 1-2 metr sonra eyni yerdə artıq dayana bilmir. Həmin hissədə su başından yuxarı olur. Ona görə də insan getdiyi çimərliyin xüsusiyyətlərini bilməlidir".

Qeyd edək ki, insanlar artıq dəniz mövsümünü açıq elan edib. Çox təəssüf ki, bəzən çimərliklər bədbəxt hadisələrə də yol açır. Məsuliyyətsizlik edərək, dənizin qadağa qoyulan hissəsinə keçirlər. Nəticədə boğulma halları qaçılmaz olur. Sonu da faciə ilə bitir.