Artır ki, azalmır... - Kartof-soğan da bahadır!

"Azərbaycanda kənd təsərrüfatı məhsullarının mövsümü xarakterli qiymətinin dəyişməsi bir çox amillərlə bağlıdır. Meyvə satışında doğrudan da, ucuzlaşma hiss olunur, müəyyən qədər bolluqdur".

Bu sözləri "Sherg.az"a iqtisadçı Natiq Cəfərli soğan və kartofun qiymətinin enməməsindən danışarkən deyib. Onun sözlərinə görə, tərəvəz o cümlədən, kartof və soğanın qiymətinin dəyişməməsi əkin sahələrinin azalması ilə əlaqəli ola bilər:

"Yaxud da məntiqlə düşünsək, bəzi rayon və cənub bölgələrində hava şəraiti ilə bağlı məhsuldarlığa təsir edə biləcək problemlər yaşandı. Sel gəldi, daşqınlar oldu, müəyyən təbiətdən doğan problemlər baş verdi. 

Böyük ehtimalla kartof və soğanın əkildiyi ərazilərə daha çox ziyan dəyib, nəticədə də məhsulun həcmində müəyyən dərəcədə azalma müşahidə olunur. İqtisadiyyatın qanunu da belədir, hansı mal və məhsulun həcmi azalırsa, avtomatik olaraq, qiyməti yüksəlir. Səbəbləri barədə də ictimaiyyətə məlumat verməli olan orqan Kənd Təsərrüfatı Nazirliyidir. Bu tip məsələlərdə onlar daha operativ və vətəndaşları bilgiləndirəcək informasiyalar verməlidirlər".

Qeyd edək ki, bazarda meyvə-tərəvəz bolluğudur. Bir çox mövsümi meyvələrin qiymətində enmə müşahidə olunur. Lakin soğan və kartofun qiyməti dəyişmir. Alıcılar da iddia edir ki, adıçəkilən məhsullar bolluq təşkil edir. Amma qiymətlər düşmür, əksinə artır.