Özbaşına tikililərin sayı azalıb

"Bütövlükdə tikinti materialları bazarında məhsulların qiymətlərinin azalması tendensiyası müşahidə edilmir".

Bunu "Sherg.az"a tikinti məsələləri üzrə ekspert Ramil Osmanlı bazarda müşahidə olunan durğunluq barədə
danışarkən deyib. Onun sözlərinə görə, məhsulun dəyərdən düşməsi halları mövsümi faktorlarla bağlı ola bilər:


"Amma bütünlükdə tikinti materialları bazarında kəskin qiymət düşməsi informasiyası doğru deyil. Nisbi azalmalar var. 2 ay sonra, təqribən avqustun sonlarına doğru yenidən qiymətlərin artımı müşahidə olunacaq. Lakin ümumilikdə bazar üzrə alıcılıq qabiliyyətinin düşməsinə müəyyən mənada qəbul edilən qərarların da təsiri mövcuddur. Bildiyimiz kimi, bu gün artıq Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən qeyri-təyinatlı torpaq sahələri üzərində aparılan tikintiyə görə, cərimələrin tətbiq olunması həyata keçirilir. Bu, müəyyən mənada özbaşına tikililərin sayını xeyli dərəcədə  azaldıb, qarşısını alıb. Amma ümumi tikinti bazarına aid etmək doğru deyil".

Qeyd edək ki, Bakıda tikinti bazarında durğunluq müşahidə olunur.Tikinti məhsulları satılan bazarlarda qiymətlər 2 aydır aşağı düşüb. Satıcılar bu vəziyyəti alıcıların az olması ilə əlaqələndiriblər. Onların sözlərinə görə, ötən ilin anoloji dövrü ilə müqayisədə alıcılar və məhsulların qiyməti təxminən iki dəfə azalıb.