Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) avtobuslarda nağdsız ödəniş üçün hazırladığı yeni mobil tətbiqini təqdim edib. Təqdimat mərasimində çıxış edən AYNA-nın İdarə Heyətinin sədri Anar Rzayev bildirib ki, mobil tətbiq iyulun 1-dən tam istifadəyə veriləcək.
Hazırlanan yeni tətbiq barədə "Sherg.az"a danışan nəqliyyat məsələləri üzrə ekspert Rauf Ağamirzəyev müxtəlif çeşidli ödəniş tətbiqinin hazırlanmasını müsbət hal kimi dəyərləndirib:
"İndiyə qədər mövcud olan "BakıKart"ın ödəniş terminalları ilə yanaşı, "BakıKart" tətbiqindəki QR kod vasitəsilə birdəfəlik ödəniş və gələcəkdə elektron pul kisəsindən NFC ödənişinin həm tətbiq, həm də bank kartı üzərindən həyata keçirilməsi sərnişinlərin bugünə kimi qarşıladığı bir çox ödəniş problemlərini həllinə yönəlmiş addım olacaq. Gedişhaqqıların qalxması ilə bağlı iddialar isə əsassızdır. Müzakirə mövzusu deyil. Müxtəlif növlü ödəniş vasitələrinin mövcudluğu sərnişinlərin rahatlığın təmin edəcək".
Nəqliyyat məsələləri üzrə ekspert Aslan Əsədov qeyd edib ki, avtobuslarda "BakıKart" vasitəsilə ödəniş edilməsi müzakirə mövzusuna çevrilmişdir:
"Çünki ödəmə terminalları ilə bağlı müəyyən problemlər var idi. Yaranan problemlərin başlıca səbəbləri ödəmələrlə bağlı təyinat nöqtələrinin az olması, ödəniş aparatlarının demək olar ki, subordinasiya edilməməsi və digər ödəniş kartları ilə birbaşa ödənişlərin, gedişhaqqıların həyata keçirilməsinin qeyri-mümkünlüyü idi. Bu nöqteyi nəzərdən doğru addım atılıb. Vətəndaşlar üçün əlverişli şərait yaratmaq və onların rahatlığını təmin etməklə gedişhaqqıların qalxması iddiaları inandırıcı deyil. Müzakirələrə səbəb olan gedişhaqqıların artırılması ilə bağlı qərarı Tarif Şurası və dövlət müəyyən qaydalar, prosedurlar daxilində tənzimləyir".