Azərbaycanda 4 günlük iş rejimi tətbiq ediləcək?  - AÇIQLAMA

İqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyevin “Yerin dərinliyindən beyin dərinliyinə köç” mövzusundakı paneldə çıxışı olub. O bildirib ki, bir çox ölkələrdə pilot layihə kimi həftədə dördgünlük iş rejimi tətbiq edilməyə başlayıb:

"Səslənən niyyət daha çox o adamların asudə vaxtları üçün belə bir rejimin tətbiqidirsə, əslində, real niyyət sahibkarların maliyyə vəsaitlərinə qənaət də ola bilər. Bu məsələ ikitərəflidir”.

Bu barədə "Sherg.az"a danışan Vətəndaşların Əmək Liqasının sədri Sahib Məmmədov bildirib ki, Azərbaycanda dördgünlük iş rejiminin tətbiq edilməsi mümkün deyil:

"Ölkəmizdə işləyən 5 milyon əhalinin cəmi 1 milyon 700 mindən bir qədər artığı əmək müqaviləsi ilə çalışır. Yerdə qalan 3 milyondan çoxunun harada, necə, hansı rejimdə işlədiyi heç bəlli deyil. Həmin şəxslər arasında aqrar, qeyri-formal əmək sektorunda işləyən, özünüməşğulluq proqramında iştirak edənlər var. Qalan 1 milyon insanın da 963 mini dövlət sektorudur. Orada indiki halda dördgünlük iş rejiminin tətbiq edilməsi mümkün deyil.


 Qalan 500-600 min nəfər özəl sektorda işləyir. Özəl sektor isə iş yerlərində müasir texnologiyalar tətbiq edildiyi halda dördgünlük iş rejiminə keçə bilər. O zaman 8 saata görülən işi (hasil edilən məhsulu) 4 saata yaxud 5 iş günü ərzində görülə biləcək işi (hasil olunacaq məhsulu) 4 iş günündə görmək mümkün olarsa, işçinin əmək haqqını əvvəlki həcmdə saxlamaqla qısadılmış iş saatına və ya iş həftəsinə keçək olar. Azərbaycanda bu hələ ki mümkün deyil".