"Çimərlik həvəskarı və dünyanın Şimal Buzlu okeanı istisna olmaqla digərlərində üzmüş bir şəxs kimi deyə bilərəm ki, Xəzər dənizinin çimərlikləri tamamilə çirklənib".
Bunu "Sherg.az"a Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov çimərliklərin hazırki durumundan danışarkən söyləyib. Onun sözlərinə görə, hər il çimərlik mövsümünün əvvəlində Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzi məlumat yayır, Xəzər dənizinin bəzi hissələrində çimməyi qadağan edir:
"Şıxov kimi bir çox çimərliklərin adlarının çəkilməsi yaxşı haldır. Lakin insanlar dəniz sahilində yaşayır və çimərliklərə üz tuturlar. Şübhəsiz ki, bəzi çimərliklər insanların sağlamlığında mənfi izlər qoyur. Amma hətta görürük ki, Gigiyena və Epidemiologiya Mərkəzinin qadağan etdiyi ərazilərə də giriş pullu olub. Bir yandan adıçəkilən orqan müəyyən ərazilərdə çimməyi qadağan edir, digər tərəfdən də pullu çimərlik satılır. Bu, əlbəttə, yolverilməzdir. Deməli, dövlət orqanları sinxron işləmir. Biri digərinin dediyini dinləmək istəmir, biznesi hər şeydən üstün tuturlar. Hətta üzməyə icazə verilən çimərliklər belə təəssüf ki, çirklənir. Ona görə vətəndaşlar özlərini qorumalıdırlar. Çimərkən ağız və mədələrinə su getməməsinə xüsusi diqqət etməlidirlər. Eyni zamanda hamı bilməlidir ki, insanlar suda olan bakteriya, mikrob və dəri xəstəliklərinə tutulma hallarından sığortalanmayıb".
Qeyd edək ki, artıq dəniz mövsümü başlayıb. İnsanlar istirahətlərini daha səmərəli, maraqlı, əyləncəli keçirmək üçün çimərliklərə üz tuturlar. Lakin Xəzər dənizinin müəyyən hissələrində çimərliklərin vəziyyəti ürəkaçan deyil. Bu da insanların narahatlığı, narazılığına səbəb olur.