Bayramda Bakı mənzərəsi "qurban" olmasın - Təmizliyə diqqət!

"Heyvan kəsimi ilə bağlı problemlər həmişə aktual olub".

Bu sözləri "Sherg.az"a ilahiyyatçı Ağa Hacıbəyli qarşıdan gələn Qurban bayramının əhəmiyyəti, heyvanların kəsilmə üsulundan danışarkən deyib.

Onun sözlərinə görə, Qurban bayramı ərəfəsində heyvan kəsimi qaydalarına riayət edilməməsi şəhərin mənzərəsini korlayır:

"Xüsusilə, yay aylarında mövcud natəmizlik insanları incidir. Ona görə də təmizliyə diqqət yetirilməlidir. İslam dini təmizlik dinidir. Hələ 1400 il bundan öncə belə İslam dininin, mədəniyyətinin başında həm maddi, həm də mənəvi təmizlik dayanıb. Bu baxımdan dinimizin tələblərinə uyğun olaraq, insan gördüyü işi təmiz, səliqəli həyata keçirməlidir. Qurban kəsmək ibadət, dinimizin təbirincə desək, Allaha yaxınlaşmaqdır. Yəni həqiqi müsəlman Allaha yaxınlaşmağın fərqinə varmalıdır. İnsan heyvan kəsimi prosesinin əvvəlindən sonuna qədər bir sıra şərtlərə əməl etməlidir. Heyvanların içərisindən ən gözəlini seçir, onu incitmir, kəsərkən üzünü qibləyə yönəldirik. Kəsdikdən sonra da əti ailə, fəqir-füqəra və qohum-əqrəba olmaqla 3 istiqamətə bölürük. Qurban kəsdiyimiz yerləri öncədən düzgün seçməliyik. Onun qanını, içalatını və ya heyvandan qalacaq artıqları haralarasa atmaq olmaz. Bu, insanlara əziyyətdir. Azərbaycan əhalisinin narahat edilməsinə heç kimin haqqı yoxdur. Heyvan kəsimini həyata keçirmək üçün xüsusi yerlər seçməyə, təmizliyə diqqət yetirməyə çalışaq ki, həm Allah qatında ibadətlərimiz məqbul hesab edilsin, həm də xalqın hörmət və izzətinə layiq olaq. Allah qurbanımızı qəbul eləsin!".

Qeyd edək ki, Qurban bayramı müsəlman dünyasının müqəddəs günlərindən biridir. Bayram münasibətilə qurbanlar kəsilir, kasıblara paylanılır. Amma təəssüf ki, bəzən təmizliyə riayət olunmur. Bayramdan sonra diqətdənkənar qalan ərazilərdə, yaşayış olan yerlərdə kəsilən heyvanların qanı, içalatının qoxusu ətrafı bürüyür. Nəticədə xoşagəlməz mühit yaranır. Sakinlər də narazılıqlarını dilə gətirirlər.