"Fermerlərimiz gəmiricilərə qarşı mübarizə tədbirlərini aparacaq gücdə deyillər".
Bunu "Sherg.az"a kənd təsərrüfatı üzrə mütəxəssis Vahid Məhərrəmov gəmiricilərin ucbatından Yardımlıda əkin sahələrinin məhv olmasından danışarkən söyləyib. İqtisadçının sözlərinə görə, bir yox, bir neçə təsərrüfat sahələrinə ziyan dəyib:
"Eyni zamanda bütün kəndlilərin birləşib, gəmiricilərə qarşı mübarizə aparması real görünmür. Dəfələrlə belə hallar baş verib. Lakin heç bir nəticəsi olmayıb. Hökumət xüsusən, Kənd Təsərrüfatı Nazirliyi yaranan problemin aradan qaldırılması üçün çalışmalı, məsələ ilə yaxından məşğul olmalıdır. Ziyanvericilərin əkin sahələrinə zərər vurduğunu müəyyən etməlidir. Sonra isə dərhal zəhərli kimyəvi maddələrin köməyi ilə onlara qarşı mübarizə aparılmalıdır.
Əks halda gəmiricilər digər rayonlara da yayılacaq. Respublikada bir müddət əvvəl analoji problem kifayət qədər geniş yayılmışdır. Müəyyən tədbirlər nəticəsində qarşısını almaq mümkün oldu. İndi də Kənd Təsərrüfatı Nazirliyi təcili surətdə bu işi öz üzərinə götürüb, gəmiricilərə qarşı mübarizə tədbirlərini təşkil etməlidir".
Qeyd edək ki, gəmiricilər Yardımlıda taxıl sahələrini məhv edirlər. Bu barədə məlumat sosial şəbəkələrdə paylaşılıb. Bildirilib ki, ölkədə kombayn problemi olmadığı halda Yardımlıda kəndlinin çəkdiyi əziyyət hədər olur.