"Azərbaycanda boşanmaların sayı çoxumuzu narahat edən məsələlərdəndir. Təbii ki, mütəxəssis olaraq kiməsə "boşanın" və ya "boşanmayın" deməyə ixtiyarımız yoxdur. Amma bir münasibəti çökdürmək, dağıtmaqdan öncə ən sonuncu metodları da yoxlamaq lazımdır".
Bunu "Sherg.az"a psixoloq Elmir Əkbər evlənəndən 20 il sonra boşanan cütlüklər barədə danışarkən deyib. Onun sözlərinə görə, boşanmaq hətta dində belə icazə verilən əməllərdən olsa da, Allahı sevindirməyən hadisədir:
"Praktikada da əsas hədəfimiz ailə psixoterapiyası seansları zamanı insanların gözünü açmaqdır. Baş verən hadisələri hərtərəfli şüurda və şüuraltı olub, onlardan gizli qalan məqamlar onlara çatdırmaqdır. Sadaladığımız aydınlığa "qovuşanda" insanlar problemin nədən ibarət olduğunu bilirlər və həlli yolunu müəyyən edib, xoşbəxt cütlüyə çevrilirlər. Baxmayaraq ki, ilk seansa top, tüfənglə gəlmişdilər. 20 il sonra boşanan cütlüklərlə də çox rastlaşırıq. Adətən boşandıqdan sonra seanslara gəlirlər. Məsələ ondadır ki, qeyri-sağlam sütunlar üzərində qurulan hər bir ailə heç vaxt boşanmasa belə düzgün ailə olmayıb.
Çox heyif ki, bəzən bu ailələr illərin sınağına davam gətirə bilmirlər. Çünki bünövrə yanlış qurulub. Nə qədər hazırkı zamanəni bəyənməyib, qınasalar da, indi imkanların da genişləndiyi bir vaxtdır. Qadınlar da öz haqlarını tələb edirlər. Birmənalı olaraq, bunu dəqiq deyə bilərəm ki, bütün ailələr ki boşanır Ələlxüsus, 20 ildən sonra boşanan ailələrin əksəriyyətinin səbəbi qadının haqqının tapdalanmasıdır. Hələ rast gəlməmişəm ki, 20 ildən sonra boşanan ailələrdə kişinin haqqı pozulsun və azadlığa çıxmış olsun. Ərk edib, həmcinslərimə üz tutub, deyirəm: "Sən 20 il ərzində xanımının qəlbini ovsunlaya bilmədinmi?!" Lap ailə sevgi üzərində qurulmamış olsa belə, qadınla kişinin psixi aparatı fərqli işləyir. Kişi özünü həqiqətən, psixoloji resurslarına uyğun aparsa, 20 il ərzində nəinki hörmət, sevgi də qazana bilərdi. Bu, hər bir mənada xanımın yox, kişinin iflasıdır. Qadının gözü açılır, həyata baxış bucağı dəyişir və deyir ki, "niyə də yox?!".
Psixoloq boşanan qadınları qınayanları tənqid edib:
"Bu, çox yanlış yanaşmadır. Çünki hər bir fərd qadın, kişi olmazdan öncə bir insandır. Azadlıq insanın ən təbii haqlarından biridir. Hətta ən qatı cinayətkarları belə yandırmır, dərisini soymurlar, sadəcə azadlığından məhrum edirlər. Ona görə də bəzən belə əri, qayınanası və ya baldızının şiddət göstərdiyi qadın 20 ildən sonra azadlığını əldə etmək istəyir. Bəzi hallarda isə ailənin qız uşağı var deyə onun övladının nişanlanıb, ərə getməsini gözləyib, boşanırlar, bəziləri uşaqları körpə ikən ailəsinin dağılmasını istəmirlər. Uşaqlar dirçəlir, özünü dərk edir, sonra ana boşanır. Lakin praktikada görürük ki, 20 il sonra boşanan ailələrdə 99 faiz hallarda qadın təşəbbüs göstərir. Yəni qadın 20 illik dözülməz həyatından xilas olmaq istəyir".
E.Əkbər cəmiyyətin problemlərini işıqlandırdığına görə, "Şərq" qəzetinə təşəkkür edib:
"Qadın haqları, uşaqlara həssaslıq, boşanmaların artması ağrılı yanımızdır. Ailələrin boşanmasının qarşısını almaq üçün illərdir, verilişlərdə danışıram. Amma bir faydası yoxdur. Qız uşaqlarının bakalavr imtahanı qəbulu sırf Tibb universiteti və hüquq fakültəsi xaric qız uşaqları bakalavr imtahanından azad olsunlar. Ancaq belə olduğu halda qadınlarla kişilərin haqlarını bərabərləşdirə bilərik. Çünki bütün ailələr qız uşaqlarının təhsil almasına bərabər imkanlar yaratmır. Məqsədyönlü şəkildə qızlarını yükləyir ki, oxuya bilməsinlər. Ev işi ilə yüklənmiş bir qız uşağı illərdir, hərbi silah-sursatla hazırlanan ordu kimi, repetitor yanında hazırlamış oğlanla necə rəqabətə girə bilər ki?! Ona görə də bakalavr təhsilini qızlarımız hamısı ödənişsiz əsaslarla alsınlar. Ən azından onların əqli, psixi imkanları, resursları inkişaf edər, dünyagörüşü artar, öz ayağı üzərində dayana bilərlər. Bütün azadlıqlar əqli, psixoloji və iqtisadi azadlıqdan başlayır".
Müsahibimiz diqqətə çatdırıb ki, Azərbaycanda hələ də həkim-psixoterapevtə getmək, psixoloji konsultasiyalar keçmək kompleksi var:
"Vaxtında bu cütlüklər psixoterapiya seanslarına gəlsələr, xeylisinin ailəsi xilas olar. Bir də unutmayaq ki, dağılan ailələr qədər zülm, istismar, işgəncə, şiddət görünən ailədə böyümək uşaq psixikası üçün də bir o qədər zərərlidir".
Qeyd edək ki, evlənəndən 20 il sonra boşananların sayı açıqlanıb. Bu barədə Dövlət Statistika Komitəsi verib. 2022-ci ildə Azərbaycanda 15983 boşanma olub. Bunlardan 1765-i 20 il və daha artıq davam edən nikahlar arasında qeydə alınıb. Boşanmalardan 4996-sı 5 ilə qədər, 4414-ü 5-9 il, 4808-i 10-19 il davam edən nikahlar arasında qeydə alınıb.