"Salamat qal, gözəl dünyam"

Görkəmli ziyalı, filologiya elmləri doktoru, professor, əməkdar jurnalist Nəsir Əhmədliyə həsr olunan kitab işıq üzü görüb. 

Ötən ilin iyununda dünyasını dəyişmiş Azərbaycan jurnalistikasının ustadı, parlaq ziyalı, alim, şair, tərcüməçi, araşdırmaçı Nəsir Əhmədlinin doğum günündə çapdan çıxmış kitab "Salamat qal, gözəl dünyam" adlanır. Nəşrdə tanınmış ziyalıların, qələm adamlarının, Bakı Dövlət Universitetinin jurnalistika fakültəsində Nəsir Əhmədlidən  dərs almış tələbələrin öz sevimli müəllimləri haqda onun həm sağlığında, həm də dünyasını dəyişəndən sonra yazdıqları məqalələrin, xatirə yazılarının və şeirlərin bir hissəsi toplanıb.
Milli Məclisin Mədəniyyət Komitəsinin sədri, millət vəkili Qənirə xanım Paşayevanın ön sözü ilə açılan kitabda böyük şair, professor Məmməd Ismayıl, professorlar Rüfət Rüstəmov,   Nasiman Yaqublu, Allahverd Məmmədli, Cahangir Məmmədli, Həmid Vəliyevin yazıları ilə yanaşı, Zeynal Məmmədli, Vüqar  Zifəroğlu, Aydın Can, Əkbər Qoşalı, Bəsti Əlibəyli, Rövşən Kəbirli, Namiq Əhmədov, Yusif Rzayev, Mikayıl Bozalqanlı  və başqa bu kimi tanınan imzaların kövrək və səmimiyyətdən yoğrulan ürək sözləri də yer alıb. Uzun illər poetik yaradıcılıqla məşğul olan və kövrək, ruhoxşayan şeirlərin müəllifi olan Nəsir Əhmədli haqda bir çox qələm dostlarının - Rafail İncəyurd, Amil Avey, Akif Əhmədgil, Elman Tovuz, Çingiz Qəribli,  Rəfail Bəşiroğlu və başqa müəlliflərin şeirləri toplanıb. 

Kitabın redakroru Elman Tovuz, məsləhətçiləri  Ekber Qoşalı və Arzu Bagirova, tərtibçiləri Azər Əhmədli  və Ehtiram İlham, rəssamı Nəvai Metindir. 

Kitab "Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu" və "Regional Hüquqi və İqtisadi Maarifləndirmə" İctimai Birliklərinin dəstəyi ilə çapdan çıxıb.

Yaxın zamanlarda professor Nəsir Əhmədlinin xatirə gecəsi və "Salamat qal, gözəl dünyam" kitabının təqdimat mərasimi keçiriləcək.

Ehtiram İlham