Bütün bunlar dünya erməniliyi və onlara lobbiçilik edən satılmış siyasətçilərin vasitəsilə aparılır və vahid mərkəzdən idarə olunur
ABŞ və bir sıra Qərb ölkələrinin, o cümlədən beynəlxalq təşkilatların Cənubi Qafqaza, Gürcüstana yönəlik bəyanatları intensiv hal alıb. Son günlərdə “Amnesty İnternational”, “Freedon House” , “Human Rights Watch” kimi qurumlar qonşu Gürcüstanı hədəf ölkə seçiblər. Həmin təşkilatlar öz qərəzli hesabatları ilə Gürcüstana total hücumlar təşkil etməklə, qonşu dövləti qlobal ictimai rəyin hədəfinə çevirmək, hansısa güzəştlərə sövq etmək istəyirlər. Qərb təşkilatları qondarma məsələlər üzrə Gürcüstana qarşı bəyanatlar verməklə kifayətlənmirlər. Həm də bu ölkəyə qarşı sanksiyaların tətbiq edilməsinə çalışırlar.
Bu işi əvvəlcə “insan haqlarını müdafiə edən təşkilatlar” müstəvisində həyata keçirirlər. Daha sonra dövlətlərarası təşkilatların siyasətində əks etdirirlər. İkili yanaşma təkcə Gürcüstana qarşı deyil, Azərbaycana yönəlik siyasətdə də özünü büruzə verir. 27 sentyabr-04 oktyabr 2024 tarixində Avropa Şurası Parlament Assambleyasının payız sessiyası keçirilən zaman, Azərbaycanın özünün iştirakı təmin edilmədən, “Azərbaycanda insan haqları üzrə “ dinləmələr keçirildi. Avropa Şurası Monitorinq komitəsinin Azərbaycan üzrə həmməruzəçisi Liz Kristoferson Bakıda həbsdə olan “Qarabağ liderlərinin” işgəncəyə məruz qaldığını, həmçinin, “Qarabağda ermənilərə qarşı etnik təmizləmə tətbiq edildiyini” dilə gətirdi. Sonra 58 nəfər qanunverici oktyabrın 3-də ABŞ-nin Dövlət Katibi Antoni Blinkenə məktub yazaraq, COP29 sammiti ərəfəsində Azərbaycana “insan hüquqları ilə bağlı” təzyiq göstərməyə çağırdılar. Onlar da Bakıda saxlanılan “separatçı liderlərin” azadlığını istədilər. Avropa və ABŞ qanunvericiləri “Qarabağ liderləri”nin “haqlarını” insan hüquqları kontekstində təqdim edirlər. Ancaq 30 il müddətində yurd-yuvasından didərgin salınmış 1 milyon qaçqının, aqibəti hələ də bəlli olmayan 4 min nəfərə yaxın Azərbaycan vətəndaşının hüquqları görməzdən gəlirlər. Çünki Cənubi Qafqazda öz siyasi maraqları var və məqsəd həmin maraqları təmin etməkdir.
Millət vəkili Nəsib Məhəməliyev "Sherg.az"a açıqlamasında deyib ki, ilk növbədə AŞPA-da Azərbaycanın iştirakı olmadan, ölkəmizlə bağlı dinləmələrin keçirilməsi, bu Təşkilatın daim istinad etdiyi demokratik dəyərlərlə daban-dabana ziddir. Deputatın sözlərinə görə, dünya ictimaiyyəti gözəl bilir ki, Qarabağda ermənilərə qarşı heç bir etnik təmizləmə aparılmayıb:
"Bu barədə BMT müşahidəçilərinin rəsmi mövqeyi elan edilib. Çoxsaylı videogörüntülər mövcuddur. ABŞ konqresmenlərinin Dövlət Katibinə müraciətləri də eyni qəbildəndir. Bütün bunlar dünya erməniliyi və onlara lobbiçilik edən satılmış siyasətçilərin vasitəsilə aparılır və vahid mərkəzdən idarə olunur. Məqsəd Azərbaycanı təzyiq altında saxlamaq, kənardan idarə olunan vassal dövlət halına gətirməkdir. Eyni zamanda "erməni məsələsi"nin beynəlxalq gündəlikdən birdəfəlik çıxarılmasına imkan verməməkdir. Yaxşı başa düşürlər ki, Ermənistanla Azərbaycan arasında dayanıqlı sülhün əldə olunması, avtomatik olaraq Türkiyə ilə münasibətlərin normallaşmasına gətirib çıxaracaq. Belə olan halda həmin qüvvələrin nə Azərbaycana, nə də Türkiyəyə təsir imkanları qalır. Qlobalistlər məhz bundan çox narahatdırlar".
Parlamentari vurğulayıb ki, "ermənilərin hüquqları", "insan haqqları" məsələsi sadəcə bəhanədir: "Bakı həbsxanasındakı separatçılar beynəlxalq Haaqa və Cenevrə konvensiyalarına görə, konkret ağır cinayətlər törətmiş şəxslərdir. Araik Arutyunyanın Gəncəni və digər şəhərləri gecə vaxtı bombalanması əmrini verdiyi barədə videoyazılar var. Digər separatçıların da təsdiqlənmiş cinayət əməlləri mövcuddur. Hər şey şəffafdır. Hesab edirəm ki, onlarla bağlı məhkəmə prosesləri açıq şəkildə aparılmalıdır. Qiyabi də olsa, Xocalıda və digər bölgələrdə qətliam törətmiş Koçaryanlar, Sarkisyanlar məhkəmə qarşısında cavab verməlidirlər. Eybi yox, hələlik qiyabi cəza verilsin, sonra İnterpol xətti ilə axtarışa verilə bilərlər. Məhkəmə prosesində cinayətkarlara himayədarlıq edən dövlətlərin nümayəndələrinin iştirakının təmin olunması da vacib şərtdir. Bəlkə vicdanları bir az ağrıyar. Məhz, həmin dövlətlərin dəstəyi hesabına balaca Ermənistan 30 il Azərbaycan torpaqlarını işğalda saxladı. 1 milyona yaxın qaçqın, məcburi köçkünün həyatını zəhərlədi, qətliamlar törətdi. Bütün bunların kökündə, beynəlxalq hüquqa, insan haqqlarına selektiv yanaşma, ikili standartlar, geosiyasi rəqabət, regiona nəzarət uğrunda mübarizə dayanır. Qərbin ikiüzlü siyasətinin arxasında dayanan amillər bunlardır".