Azərbaycan Cənubi Qafqazın əsas gücüdür. Bizimlə hesablaşmadan bölgəyə hansısa formada nüfuz etmək, kommunikasiya layihələrində iştirakçı olmaq qeyri-mümkündür
Milli Məclisin bir qrup deputatı xarici işlər naziri Ceyhun Bayramova müraciət edib. Parlament üzvlərinin müraciətində vurğulanıb ki, bir sıra dairələr Azərbaycanın COP29-a ev sahibliyi edəcəyindən istifadə edərək, Azərbaycana hansısa məsələni qəbul etdirmək fikrinə düşüblər. Qeyd olunub ki, ABŞ Senatının və Nümayəndələr Palatasının bir qrup üzvünün 2024-cü il oktyabrın 3-də bu ölkənin dövlət katibi Entoni Blinkenə göndərdiyi müraciət də bu qəbildəndir:
"Açıq şəkildə bildirmək lazımdır ki, sözügedən müraciətin Dövlət Departamenti tərəfindən təşkil edildiyinə dair şübhəmiz yoxdur. Prezident İlham Əliyevin oktyabrın 4-də Cəbrayıl şəhərində vurğuladığı kimi, Dövlət Departamentində Azərbaycanı hədələmək üçün özləri özlərinə məktub yazırlar. Azərbaycana qarşı irqi ayrı-seçkiliyi ehtiva edən, böhtanla dolu, dialoq ruhuna zidd olan, müharibə cinayətkarlarının azadlığa buraxılmasına və Ermənistanın hərbiləşdirilməsinə çağırış edən bu müraciət qəbuledilməzdir, beynəlxalq hüquqa ziddir və ABŞ-nin ikitərəfli münasibətlərin rəvan şəkildə davam etdirilməsində maraqlı olmadığını göstərir. Saxta əsaslarla insan hüquqları və beynəlxalq humanitar hüquqa riayət edilməsi sahəsində Azərbaycana iradlar irəli sürən müraciətin müəlliflərinə ABŞ-nin İraq, Əfqanıstan və dünyanın digər müxtəlif bölgələrində törətdiyi müharibələr zamanı milyonlarla dinc insanın həlak olduğunu, çoxlu sayda insanın işgəncəyə məruz qalmasını və hüquqi proses olmadan onlara cəza verilməsini xatırlatmaq istərdik. İnsan hüquqlarından dəm vuran ABŞ ən mühüm insan hüquqları konvensiyalarına qoşulmamışdır. BMT-nin İşgəncələrə qarşı xüsusi məruzəçisini uzun illər Quantanamoya buraxmayan həmin ABŞ-dir". Deputatların müraciətində bəyan edilib ki, Minsk Qrupunun həmsədri olan ABŞ heç vaxt öz məsuliyyətini dərk etməyib, Fransa ilə birlikdə Azərbaycan torpaqlarının işğal altında qalmasına çalışıb: "ABŞ-nin gözü qarşısında vaxtilə işğal edilmiş ərazilərdə Azərbaycan xalqının mədəni irsi, məscidləri, tarixi abidələri dağıdılmış, təhqir edilmiş, bütöv şəhərlər və kəndlər yer üzündən silinmişdir. ABŞ Ermənistanın bu barbarlıq əməllərini heç vaxt pisləməmişdir. Saxta ittihamlarla dünyanın müxtəlif ölkələrini işğal etmiş ABŞ nəyə görə Azərbaycanın öz ərazisini işğaldan azad etmək, separatizmə son qoymaq üçün həyata keçirdiyi əməliyyatı “hərbi təcavüz” kimi dəyərləndirir? Daim Ermənistanın suverenliyi və ərazi bütövlüyündən dəm vuran konqresmenlər bircə dəfə olsun Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə hörmətdən danışmamışlar. Azərbaycanı “etnik təmizləmə”də ittiham edən konqresmenlər nədən Ermənistandan bütün azərbaycanlıların deportasiya edilməsinə, Qərbi Azərbaycan İcmasının elə həmin Entoni Blinkenə ünvanladığı müraciətlərə heç bir reaksiya vermir?". Müraciətdə vurğulanıb ki, konqresmenlər o səviyyəyə eniblər ki, erməni müəllifin məqaləsini Azərbaycana qarşı “sübut” kimi istifadə edirlər. Bununla yanaşı, xatırladılıb ki, Azərbaycan tərəfi həmişə ikitərəfli münasibətlərin irəli aparılması üçün səbr və təmkin nümayiş etdirib. İki ölkə arasında qarşılıqlı maraq doğuran məsələlər üzrə tərəfdaşlığı davam etdirmək və inkişaf etdirmək xəttini tutub: "Ancaq bu yalnız bir tərəfin səyləri ilə mümkün deyil. Qarşılıqlılıq prinsipini və ikitərəfli münasibətləri məntiqi müstəviyə qaytarmaq məqsədini əsas götürərək hesab edirik ki, ABŞ tərəfinin sözügedən addımlarına cavab verməyin vaxtı çatıb. Bu kimi əməllərlə ABŞ Azərbaycan cəmiyyətində onsuz da dibə enən nüfuzunu daha da itirir. Regionun ən güclü dövlətinə qarşı belə ədalətsiz, gülünc ittihamlar, hədələr həm də məktuba imza atan konqresmenlərin səbatsızlığını göstərir".
Müraciətə imza atmış millət vəkili, Azərbaycan Milli İstiqlal Partiyasının sədri Arzuxan Əlizadə "Sherg.az"a deyib ki, ABŞ konqresmenlərinin Dövlət Katibi E.Blinkenə müraciəti ilə bağlı Azərbaycan Prezidenti çox dəqiq ünvan göstərdi. Deputatın sözlərinə görə, dövlət başçısı bildirdi ki, bu, həmin konqresmenlərin öz təşəbbüsü deyil, Dövlət Departamenti tərəfindən bilavasitə verilmiş tapşırıqdır:
"Hətta ölkə başçısı çox obrazlı şəkildə ifadə etdi ki, özləri özlərinə məktub yazır, Azərbaycana təzyiq göstərmək istəyirlər. Əlbəttə, ABŞ-nin təzyiqi ilə ilk dəfə rastlaşmırıq. Əvvəlki dönəmlərdə də bənzər üsullara əl atılıb. Torpaqlarımız işğal altında olanda ATƏT-in Minsk qrupunun əsas güclərindən olan ABŞ Bakıya təlqin etməyə çalışırdı ki, Azərbaycan işğal faktı ilə razılaşsın. Yəni 30 il ərzində işğalda qalmış torpaqlarımızın emənilərin xeyrinə rəsmiləşməsinə razılıq verilsin. İkinci Qarabağ savaşında əldə etdiyimi möhtəşəm Zəfərlə bir çox qüvvələrin, o cümlədən ABŞ-nin də Cənubi Qafqazda böyük planlarının üzərindən qara xətt çəkmiş olduq. Bunu həzm edə bilməyənlər, narahatlıq keçirənlər arasında ABŞ də var. Vaşinqton öz maraqları kontekstindən çıxış edərək Bakıya hansısa formada təzyiq etmək, Azərbaycanı neyrtallaşdırmaq məqsədi güdür. 44 günlük müharibədən sonra bu məqsədlə Azərbaycanın üzərinə çox gəldilər. Dövlətimizin dirənişinin ardından geri dönüş etdilər, hətta Azərbaycan rəhbərliyinə üzrxahlıq bildirdilər, müəyyən səfərlər oldu və s. Münasibətlərdə nisbətən normallaşma başladı".
Parlament üzvü vurğulayıb ki, əslində ABŞ rəsmiləri hesablayırdılar ki, Azərbaycan və Ermənistan XİN başçıları arasında görüş olsun və razılaşma imzalansın:
"Bəllidir ki, bugünki şərtlər daxilində sülhün imzalanması Azərbaycanı qane etmir. Hələ də Ermənistan konstitusiyasında Azərbaycana qarşı ərazi iddiaları qalmaqdadır. Digər hüquqi tələblərimiz də yerinə yetirilməyib. Ermənistanla imzalanacaq müqavilədə gələcək üçün heç bir sual qalmamalıdır. Yarımçıq sülh sazişi, yəni razılaşdırılmamış bəndlərin qalması gələcəyə hesablanmış bombadır. Belə şəraitdə hansısa sazişin imzalanmasından söhbət gedə bilməz. Azərbaycan bununla bağlı haqlı dirəniş göstərir ki, növbəti dəfə üzərimizə gəlirlər, sanksiyalardan danışırlar, qətnamələr hazırlayırlar. ABŞ gələcəkdə Azərbaycana təzyiq göstərmək imkanlarını saxlamaq üçün Bakının irəli sürdüyü şərtlərdən kənar müqavilənin imzalanmasında təkid edir. Erməni lobbisinin adı çox hallansa da, burada ABŞ-nin də öz maraqları danılmazdır. Biz öz reaksiyamızı bildirdik. İnanmıram ki, ABŞ Azərbaycanla sonadək qarşıdurma tərəfdarı olsun. Azərbaycan Cənubi Qafqazın əsas gücüdür. Bizimlə hesablaşmadan bölgəyə hansısa formada nüfuz etmək, kommunikasiya layihələrində iştirakçı olmaq qeyri-mümkündür. Heç kim bizə nəyisə təlqin edə, təzyiq göstərə bilməz. Biz də bu kontekstdən çıxış edərək, həm Azərbaycan dövlətinin, həm də xalqımızın iradəsini əks etdirməklə hörmətli xarici işlər nazirimizə müraciət ünvanladıq".