Kürdə balıqların kütləvi qətliamı 

Neftçalada, Kür çayının Xəzərə qovuşduğu ərazidə balıqların kütləvi qətliamı baş verir.
Bakupost.az xəbər verir ki, bu barədə təhsil eksperti Kamran Əsədov öz Facebook hesabında bildirib.
Həmin ərazidən video paylaşan K.Əsədovun sözlərinə görə, çayın dənizə töküldüyü yerdə qurulan tor kürü tökmək üçün çaya gələn balıqları tələf edir:
“Hər ay milyonlarla balıq növü Kür çayına buraxılır. Suyu qurumuş Kür çayının onsuz da məhv olmuş faunası, florası, balıq ehtiyatları göz görə-görə məhv edilir. Təbii sərvətlərimizə bu qədər düşmən kəsilmək olmaz. Bura Neftçala rayonunda Kür çayının Xəzər dənizinə töküldüyü yeridir. Kür çayında suyun səviyyəsi aşağı düşəndən sonra duzlu dəniz suyu içərilərə doğru axmasın deyə beton bənd quraşdırılıb. Bu da nəticəsi”.
Qeyd edək ki, görüntüdən beton bəndin və çayla dənizin qovuşduğu ərazidə qurulan balıqçı torlarının balıqların kürü tökmək üçün çaya keçidinin qarşısını aldığı aydın olur. Burada balıqlar kimlərsə tərəfindən kütləvi şəkildə ovlanır. Beləliklə, balıqların çoxalmasının qarşısı süni şəkildə alınır.
Mövzu ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimova ilə əlaqə saxladıq.
Mətbuat katibi məsələnin araşdırılacağını və məlumat veriləcəyini bildiridi.