"Avtomobil bazarında yaşanan durğunluğun əsas səbəbi qiymət artımı ilə bağlıdır".
Bunu "Sherg.az"a iqtisadçı Natiq Cəfərli avtomobil bazarında yaşanan durğunluqdan danışarkən deyib. Ekspert diqqətə çatdırıb ki, ölkədə baş verən dəyişikliklərdən biri də köhnə avtomobillərin Azərbaycana gətirilməsinin qadağan edilməsidir:
"Eyni zamanda rüsumlar artırıldı. Bütün bunlar qiymətlərə təsir göstərdi. Qiymət yüksələn kimi bazarda da durğunluq yaranır. Həmçinin avtomobillərin kreditlə götürülməsində də müəyyən azalmalar var. Çünki faizlər çox yüksəkdir, vətəndaşlar hazırda avtomobili kreditə götürmək barədə daha çox düşünürlər. Bu da durğunluğa gətirib, çıxarır. Əslində yay aylarında bazar canlanmalı idi, adətən, yay mövsümündə maşınların alqı-satqı prosesi artım müşahidə olunur. Məhz qiymətin yüksəlməsi alıcılıq qabiliyyətini və aktivliyini xeyli dərəcədə aşağı salıb".
Qeyd edək ki, avtomobil bazarında durğunluq yaşanır. Qiymətlərdə isə artım var. Bahalaşma əsasən, buraxılış ili 2010-dan sonra olan nəqliyyat vasitələrində daha çox hiss olunur.