Bələdiyyədən zibil pulu ilə bağlı AÇIQLAMA - ÖZƏL

3 manat 5 manat oldu

Bələdiyyə zibil pulu toplamır

Binəqədi rayonunun Biləcəri qəsəbəsində vətəndaşlardan toplanan zibil pulu kəskin artırılıb. Bu barədə Trend-ə Biləcəri sakinləri məlumat veriblər. Sakinlər bildirir ki, Biləcəri bələdiyyəsi tərəfindən toplanan zibil pulu bu aydan artırılıb. Belə ki, əvvəl hər evə görə 3 manat alınırdısa, indi 5 manat tələb olunur. Qiymət artımı qərarının kim tərəfindən qəbul edildiyi və hansı səbəblərə görə dəyişidirliyi barədə isə sakinlərə heç bir məlumat verilməyib. Məsələ ilə bağlı aidiyyəti qurumlarla əlaqə saxlanıb, lakin nə Biləcəri bələdiyyəsində, nə Binəqədi Rayon İcra Hakimiyyəti başçısının Biləcəri qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyində məsələyə aydınlıq gətirən olmayıb. 

“Sherg.az” Biləcəri bələdiyyəsi ilə əlaqə saxlayıb. Bələdiyyədən bildirilib ki, 2022-ci ilədək zibil pulu bələdiyyə tərəfindən toplanıb. Lakin 2023-cü ildən etubarən məişət tullantılarının daşınması xərclərini rayon Mənzil Təsərrüfat İdarəsi toplayır: 

“Bələdiyyə zibil pulu toplamır. Bu işi MTİ həyata keçirir. MTİ-nin bələdiyyə ofisində ayrıca otağı var. Əməkdaşlar orada əyləşir. Ola bilsin, MTİ əməkdaşlarından bəzisi bələdiyyə binasında əyləşir deyə, sakinlər onların bələdiyyə işçiləri olduğunu zənn edir. Əslində isə bələdiyyənin zibil pulunun toplanmasına heç bir aidiyyəti yoxdur artıq”. Sorğumuza cavab vertən bələdiyyə əməkdaşı qeyd etdi ki, bu ilin yanvar ayından zibillərin toplanması, daşınmasına görə tariflərdə artım olub. MTİ də ödənişlərin yeni tariflərlə edilməsini tələb edir. Sakinlər onlardan zibil pulu tələb edənlərin kim olduqlarını, harada çalışdıqlarını, tariflərin nə zaman, nə qədər artırıldığını soruşmalıdırlar. İşin əsasını bilmədən bələdiyyə işçilərini  günahlandırmaq doğru deyil.