Turizm sahəsində canlanma!  - "Pandemiya çıxdı, dərd çıxdı"

Bu il çoxları ölkədən çıxa bilmədi

Ona görə Azərbaycanda aktiv turizm ili müşahidə olunur

Tələbat böyükdür, yerlər də azdır deyə, nöqsanlar üzə çıxır

  Ölkəmizə gələn turistlərin sayında artım müşahidə edilir. Bu barədə Dövlət Statistika Komitəsinin məlumatında bildirilib. Məlumatda qeyd olunub ki, bu ilin yanvar-iyun aylarında Azərbaycana dünyanın 181 ölkəsindən 918,8 min əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib. Bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 43,9 faiz çoxdur.  Gələnlərin böyük əksəriyyəti Rusiya Federasiyası, Türkiyə, İran, Hindistan, Gürcüstan, Səudiyyə Ərəbistanındandır. Siyahıda digər ölkələr də var. Eyni zamanda bir sıra ölkələrdən gələnlərin sayında azalma da müşahidə edilib.  2022-ci ilin yanvar-iyun ayları ilə müqayisədə MDB ölkələrindən gələnlərin sayı 1,9 dəfə artaraq 385,8 min nəfər, Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 40,0 faiz artaraq 46,7 min nəfər, Körfəz ölkələrindən gələnlərin sayı 8,9 faiz azalaraq 134,2 min nəfər olub. Ötən ilin müvafiq dövrü ilə müqayisədə xarici ölkələrə gedən Azərbaycan Respublikası vətəndaşlarının ümumi sayı 16,3 faiz artaraq 791,7 min nəfər olub və əsasən hava nəqliyyatı ilə hərəkət ediblər.  
  “Hazırda Azərbaycana gələn turistlərin sayı pandemiyadan əvvəlki sərhədlərin açıq olduğu vaxtlardakı qədərdir. Ölkəmizdə karantin rejimi olduğu üçün quru yolla gələn turistlərimiz yoxdur, yəni turistlər yalnız hava yolu ilə gələ bilirlər”. Bu açıqlama isə Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyevə məxsusdur. O bildirib ki, qonşu ölkələrdən sərhədləri piyada keçərək gələn turistləri müvəqqəti olaraq itirmişik: “Operativ Qərargahın quru sərhədlərinin açılması ilə bağlı qərarını gözləyirik. Quru sərhədlərin bağlı olması daxili turizmin artımına heç bir təsir göstərməyib. Bu amillər bir-biri ilə bağlı deyil”. Agentlik sədri bir neçə müddətdir hava şəraitinin dəyişkən keçməsinin turizm imkanları üçün çətinlik yaratdığını deyib: “Yay mövsümü başlayandan hava şəraitinin qeyri-sabit keçməsi turizm obyektlərinin sahiblərinə ciddi ziyan vurur. Çimərlik mövsümü iyunun 15-dən sentyabra kimi davam edir: “Bu il də yağışlı, küləkli günlərin sayının çox olması səbəbindən vətəndaşlar istirahətlərini planlaya bilmirlər. Sel, daşqınların turizmə vurduğu ziyan hələ ki, hesablanmayıb”.
  Turizm sahəsində canlanma təkcə pandemiyanın bitməsiyləmi bağlıdır? Turizm məsələləri üzrə ekspert Ceyhun Aşurov “Sherg.az"a açıqlamasında bu sahədəki canlanmanın səbəblərini göstərdi: 

"Hazırda turizm sahəsində müəyyən qədər canlanma var. Bu həm mövsümlə bağlıdır, həm də, ümumiyyətlə, dünyada səyahət edənlərin sayı artıb. Beynəlxalq ekspertlər hesab edir ki, sabit şərtlər altında turizmdə pandemiyadan öncəki göstəricilərin bərpası 80-90 faiz mümkündür.  Bu, Azərbaycan üçün də keçərlidir. Nəzərə alaq ki, hələ quru sərhədlər bağlıdır, gəliş-gediş faktiki yalnız hava nəqliyyatı ilə həyata keçirilir.  Bu, turizmin sürətli bərpasına mənfi təsir göstərir. Xüsusən sərhədyanı ölkələrdən gələnlərə. Onu da nəzərə alaq ki, sərhədyanı ölkələrdən gələnlər öz soydaşlarımızdı. Onlar üçün hava nəqliyyatından istifadə bahalıdır.  Amma digər ölkələrdən gələnlərin sayında azalma görmürük, əksinə, müəyyən qədər artım var.  Azərbaycandan xarici səfərlərə gedənlərin sayında isə azalma var. Məsələn, 2019-cu ildə 5,5 milyon vətəndaşımız xarici ölkələrə səfər etmişdisə, 2022-də say 1.5 milyona düşüb. Pandemiyadan əvvəl vətəndaşlarımız əksər hallarda Gürcüstan üzərindən digər xarici ölkələrə səfər edirdilər. Quru sərhədlərin bağlı olması bu səfərlərin də azalmasına səbəb oldu. Xaricə səfər edənlərin çoxu daxildə qaldı və daxili turizmdə aktivlik yarandı. Hazırda daxili turizmdə aktivlik müşahidə edilir. Doluluqdu, tələbat yüksəkdir və boş yerlərin olmaması qiymətlərin aşağı düşməməsinə səbəb olur".
  C.Aşurov qeyd etdi ki, daxili turizmdəki aktivlik nöqsan və çatışmazlıqları da artırıb: 
"Regionlarda hotellərin, mehmanxanaların sayı azdır. Ümumən Azərbaycanda 700-dən bir qədər çox hotel var və bu say əlbəttə azdır.  Tələbat böyükdür, yerlər də azdır deyə, nöqsanlar üzə çıxır. Rəqabət mühitinin sağlamlaşması üçün alternativlər olmalıdır. Turistlər üçün gecələmə, istirahət yerləri nə qədər çox olarsa, seçim imkanı da çoxalacaq. Turistlər rahat bir şəkildə hotel, restoran seçə biləcəklər".
  C.Aşurov qeyd etdi ki, hava şəraitinin pisləşməsi turizmə az təsir edir. Hava düzələn kimi turizm sahəsi tez bərpa olunur:  "Ümumiyyətlə, bu il, əvvəlki illərlə müqayisədə dünyada olduğu kimi Azərbaycanda da aktiv turizm ili olacağı gözlənilir. Ümid edirik, quru sərhədlər də açılar və bu, turizmin inkişafına əlavə təkan verər".