Möhür yoxdursa, deməli, istehsalçı, alıcını aldadır

Bütün yumurtaların üzərində istehsal və son istifadə tarixini bildirən möhür olmalıdır

Eyyub Hüseynov: “Mən istehlakçılara, ümumiyyətlə, yerli yumurtalara üstünlük vermələrini, tanıdıqları şəxslərdən, daimi satıcılardan yumurta almalarını məsləhət görürəm”
  
Belarusdan idxal olunan yumurtaların paytaxtın satış mərkəzlərində möhürsüz satılması haqda məlumat var. Bu barədə Quş Əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyasının İdarə Heyətinin sədri Mürvət Həsənov ''Xəzər Xəbər''ə müsahibəsi zamanı deyib. O bildirib ki, Azərbaycan qanunvericiliyinin tələbinə əsasən, yumurtaların üzərinə istehsal tarixini əks etdirən möhür vurulmalıdır. Lakin Belarusdan gətirilən yumurtalarla bağlı bu tələb gözlənilmir və buna görə heç kim cəzalandırılmır. Assosiasiya Azərbaycana idxal olunan cücə və quş əti idxalının əlavə rüsuma cəlb olunmasını da istəyir. Mürvət Həsənli deyib ki, son aylar yerli quşçuluq təsərrüfatlarına ciddi problem yaradan bir neçə fakt qeydə alınmaqdadır. Bununla bağlı Assosiasiya hökumətə müraciət də edib. O bildirib ki, bir sıra ölkələrdəki istehsalçılar ölkəyə damazlıq yumurta və kəsim məqsədli 1 günlük cücə idxalına başlayıblar. Əsasən Türkiyədən, Rusiyadan, Gürcüstandan və digər ölkələrdən idxal edilir. Türkiyədən idxalda cücənin biri 33 sentə, Gürcüstandan idxal olunanlar isə 52 sentə reallaşıb. Bu isə yerli istehsalçıları çətin vəziyyətə salır. Kiloqramı 3 manatdan ucuz reallaşan quş ətinin idxalı da yerli təsərrüfatların məhsullarının satışını məhdudlaşdırır. Mürvət Həsənli həmin ətlərin keyfiyyətində ciddi nöqsanlar olduğunu qeyd edib. O, xaricdən gətirilən quş ətinin bazarda yerli istehsaldan cüzi ucuz satılmasına da aydınlıq gətirib. Bildirib ki, yerli istehsal quş ətinin qiyməti ötən il illə müqayisədə bu il 7 faiz ucuzlaşıb və ucuzlaşmaqda davam edir. Assosiasiya birgünlük cücə idxalının da əlavə rüsuma cəlb edilməsini, möhürsüz, istehsal tarixi göstərilməyən süfrə yumurtalarının idxalının qarşısının alınmasını istəyir.
  

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov “Sherg.az”a açıqlamasında bildirdi ki, qida məhsullarının istehlak və son yararlılıq müddəti qeyd edilmədən satışa çıxarılması istehlakçı hüquqlarının kobud pozulmasıdır:

- Bu, ona görə baş verir ki, “İstehlakçı hüquqlarının müdafiəsi haqqında” qanun 1995-ci ildə qəbul olunub və o vaxtdan indiyədək qanuna heç bir dəyişiklik edilməyib, təkimilləşmə aparılmayıb. Bu qanun zəifdir, istehlakçı hüquqlarının qorunması üçün yetərli səviyyədə deyil. Qanunvericilikdə qida məhsullarının üzərində istehsal və son istifadə tarixlərinin mütləq şəkildə olmasına dair də heç bir göstəriş, tələb yoxdur. Ona görə də kim nə istəyir ölkəyə gətirir, necə istəyir, necə sərfəlidirsə, o cür də satışını təşkil edir. Sahibkarlar, işbazlar qanundakı boşluqlardan istədikləri kimi yararlanır. Qida Təhlükəsizliyi Agentliyi isə yalnız qidaların keyfiyyətinə nəzarət edir.

  E.Hüseynov qeyd etdi ki, yumurtalar dietik və mətbəx yumurtaları olmaqla 2 kateqoriyaya ayrılır:

- Bütün qida məhsullarının üzərinə, o cümlədən də yumurtaların üzərində istehsal və son istifadə tarixini bildirən möhür olmalıdır. Möhür yoxdursa, deməli, istehsalçı, alıcının aldadılması baş verir. Toyuq yumurtası toyuğun yumurtlamasından 7 gün müddətində təzə hesab edilir. 7 gün keçdikdən sonra isə o, artıq mətbəx yumurtası hesab edilir, təzə sayılmır. Yumurta qaynadıldqda içində hava kamerası yaranırsa, deməli, məhsul köhnədir. Həmçinin yumurtanın ağı ilə sarısı arasında göy təbəqə varsa, deməli, yumurta köhnədir. Mən istehlakçılara, ümumiyyətlə, yerli yumurtalara üstünlük vermələrini, tanıdıqları şəxslərdən, daimi satıcılardan yumurta almalarını məsləhət görürəm. Yaxşı haldır ki, Quş Əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyası səsini qaldırıb. Onların iradı nəzərə alınmalıdır, çünki bu, problemli bir məsələdir.