Yaxşı həkim 300-400 manat əməkhaqqına işləyərmi?

İndi "beyin axını" dünyanın hər yerində var, amma bu, bizim üçün arqument olmamalıdır!

Ölkədən gedənlər peşəkar həkim kimi geri qayıdacaqsa, bunu alqışlamaq olar, amma qayıtmayacaqsa, vəziyyət qəlizləşir
 
 Tibb mütəxəssislərinin ölkədən gedişi rəsmi qurumları da narahat edib. Məlumdur ki, ölkəni tərk edənlər maddi təminat məsələsini, gərgin əmək şəraiti müqabilində maaşların azlığını əsas gətirir. Son illərdə Azərbaycandan Almaniyaya 1400 həkimin mühacirət etdiyi barədə məlumat isə bu sahədə köklü islahatlara zəruri ehtiyac olduğunu göstərir. Qeyd edək ki, bir müddət əvvəl TƏBİB-in Strategiya və layihələr şöbəsinin müdiri Fəqan Həsənzadə bildirmişdi ki, tibb müəssisələrində ixtisaslı kadr çatışmazlığının aradan qaldırılmasına dair 2022-2023-cü illər üçün Proqram”ı çərçivəsində xarici ölkələrdə (Avropa İttifaqı ölkələri, Amerika Birləşmiş Ştatları, Türkiyə Cümhuriyyəti) müxtəlif ixtisaslar üzrə təhsil almış 72 həkim-mütəxəssis TƏBİB tabeli 15 tibb müəssisəsində əmək müqaviləsi əsasında daimi olaraq işə qəbul edilib. Proqram çərçivəsində işə qəbul edilən cərrahi və radioloji profilli ixtisaslardan olan həkim-mütəxəssisin minimum əməkhaqqı 6500 manat, terapevtik və pediatrik ixtisaslardan olan həkim-mütəxəssisin minimum əməkhaqqı isə 5000 manat təşkil edib. Həmçinin "Azərbaycan Tibb Universitetinin Müalicə və profilaktika fakültəsinin IV, V və VI kurs tələbələrinin TƏBİB tabeliyində olan tibb müəssisələrinə orta tibb heyəti qismində işə qəbulu” layihəsi çərçivəsində 132 nəfər daimi işlə təmin edilib. F.Həsənzadə qeyd edib ki, TƏBİB-in tabeliyindəki tibb müəssisələrində icbari tibbi sığortanın tətbiqindən əvvəlki dövrlə müqayisədə minimum vəzifə maaşı alan ixtisaslı həkimlərin aylıq vəzifə (tarif) maaşına 800 manat məbləğində sabit həvəsləndirici əlavələr tətbiq olunmaqla əmək haqqı 2019-cu illə müqayisədə orta hesabla 3 dəfə artıb: "Artım ölkə üzrə əhalinin orta aylıq əməkhaqqından 1.5 dəfə yüksəkdir. Avropada bu rəqəm orta aylıq əməkhaqqına nisbətlə 2-3 dəfədir. Bizim hədəfimiz bu rəqəmi 2 dəfəyə qədər çatdırmaqdır".
  Xaricə həkim axınının xoşagəlməz hal olduğunu söyləyən pediatr Vahid Qarayev bu axının durdurulmasını vacib sayır:
- Tanınmış kardioloq Üzeyir Rəhimov gənc həkimlərin Almaniyaya axınından danışdı və dedi ki, 1400 nəfər bu ölkəyə işləməyə gedib. Doktor səmimi narahatlığını bildirib. Haqlıdır da. Buna haqq qazandıranlar da var, narahat olanlar da. İndi " beyin axını" dünyanın hər yerində var, amma bu, bizim üçün arqument olmamalıdır! Gedənlər peşəkar həkim kimi geri qayıdacaqsa, bunu alqışlamaq olar, amma qayıtmayacaqsa, vəziyyət qəlizləşir. Demək olar ki, gedənlər qayıtmırlar. Düzdür, TƏBİB sərfəli şərtlərlə xaricdə işləyən həkimlərimizi ölkəyə dəvət edir, amma bu, epizodikdi. Pandemiya vaxtı xaricdəki peşəkar həkimlərimizi efirlərə qoşurdular hər gün, əhalini maarifləndirmək üçün. Çünki ölkədə boşluq vardı. Mütəxəssis tapılmırdı. Könül istərdi ki, Türkiyə ilə bir müştərək universitet yaradılsın, ya da Türk Universitetinin burda filialı açılsın. Tibb təhsili və tibb sahəsində qardaş ölkədən öyrənəcəklərimiz çoxdur. Kardioloq açıqlamasında həkimlərin ən böyük probleminin tibbi təhsilini bitirəndən sonra başladığını deyib. Bu da doğrudur. Rezidentura təhsili alana çox aşağı əməkhaqqı verilir. Yəni 6 il gecə-gündüz oxuyan bir insan 300-400 manat əməkhaqqı alır. Bu həkim ölkədə qalıb işləmək istəyərmi? Yaxşı yaşamaq və əməyinin müqabilində əməkhaqqı almaq hamının haqqıdır.