Etibarnamə tələbi aradan qaldırılır

Bu qayda ləğv edilməlidir. Çünki avtomobil sahiblərinə, onların ailə üzvlərinə, yaxınlarına əlavə problem yaradır 

“Heç bir ölkədə avtomobilin sahibindən savayı digər şəxs tərəfindən idarə olunması üçün etibarnamə məcburiyyəti yoxdur. Bu qayda yalnız bizim ölkədə qalmaqdadır”


Avtomobillərin idarə edilməsi üçün etibarnamənin olması tələbi aradan qaldırılacaqmı? Hazırda avtomobili olanı da bu düşündürür, olmayanı da. Avtomobil sahibləri ən azından ailə üzvlərinin zərurət yarandıqda həmin nəqliyyat vasitəsini etibarnaməsiz idarə edə bilməsini arzulayır. Eləcə də valideyninin, yaxın qohumunun, lap elə dostunun avtomobilini etibarnaməsiz idarə edə bilməməkdən əziyyət çəkir. Halbuki buna da bəzi hallarda zərurət yarana bilir. Məsələ necə həllini tapacaq, bu, Milli Məclisdən asılı olacaq.

 Çünki nəqliyyat vasitəsinin mülkiyyətçisi olmayan şəxsin nəqliyyat vasitəsini idarə etməsi üçün etibarnamənin zəruriliyi tələbinin müvafiq qanunvericilikdə aradan qaldırılması Milli Məclisə tövsiyə olunub.  Əgər parlament qanunvericiliyə dəyişiklik edərsə, Azərbaycanda avtomobillərin idarə edilməsi üçün etibarnamənin zəruriliyi tələbi aradan qaldırıla bilər. Konstitusiya Məhkəməsi isə Gəncə Şəhər Məhkəməsinin müraciəti əsasında müvafiq qərar qəbul edib. 

Hakim Fərhad Abdullayevin sədrliyi ilə keçirilən Konstitusiya Məhkəməsi Plenumunun növbəti iclasında Gəncə Şəhər Məhkəməsinin müraciəti əsasında İnzibati Xətalar Məcəlləsinin 332.1-ci maddəsinin “Yol hərəkəti haqqında” qanunun 37-ci maddəsinin I hissəsinin 1-ci bəndi ilə əlaqəli şəkildə şərh edilməsinə dair konstitusiya işinə baxılıb və qərar qəbul edilib. Qərara əsasən, nəqliyyat vasitəsinin mülkiyyətçisi olmayan şəxsin nəqliyyat vasitəsini idarə etməsi üçün etibarnamənin zəruriliyi tələbinin müvafiq qanunvericilikdə aradan qaldırılması Milli Məclisə tövsiyə olunub. Lakin hələ ki, müvafiq qanunvericilik qüvvədədir.  İnzibati Xətalar Məcəlləsinin və “Yol hərəkəti haqqında” qanunun normaları qanunverici orqan tərəfindən təkmilləşdirilənədək nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxsin nəqliyyat vasitəsində olmadığı hallarda nəqliyyat vasitəsinin etibarnaməsiz idarə edilməsi (ər-arvadın ümumi mülkiyyət hüququna dair şəhadətnaməsinin olduğu hallar istisna olmaqla) İnzibati Xətalar Məcəlləsinin 332.1-ci maddəsi ilə müəyyən edilən inzibati məsuliyyətə səbəb olur. Qərar dərc edildiyi gündən qüvvəyə minir, qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv oluna, dəyişdirilə, yaxud rəsmi təfsir edilə bilməz.
  
Nəqliyyat məsələləri üzrə ekspert, “Digesta” hüquq firmasının rəhbəri Ərşad Hüseynov “Sherg.az”a açıqlamasında qeyd etdi ki, avtomobillərin idarə edilməsi üçün etibarnamə zəruriliyinin aradan qaldırılması təklifini illər öncə məhz o irəli sürüb: 

- Təvazökarlıqdan uzaq olsa da, bunu deməliyəm ki, etibarnamə tələbinin aradan qaldırılmasını mən illər öncə təklif etmişəm. Və burada dünya təcrübəsinə əsaslanmışam. Heç bir ölkədə avtomobilin sahibindən savayı digər şəxs tərəfindən idarə olunması üçün etibarnamə məcburiyyəti yoxdur. Bu qayda, yalnız bizim ölkədə qalmaqdadır. Dünya ölkələrində avtomobili idarə edən şəxs yalnız qeydiyyat şəhadətnaməsini təqdim edir. Bununla da məsələ bitir. Avtomobilin sahibindən savayı digər şəxs tərəfindən idarə olunması üçün etibarnamə tələbi ancaq əlavə problemlər yaradır. Tutalım, ailədə avtomobil kiminsə adınadır, amma elə bir vəziyyət yaranıb ki, ailənin digər üzvləri avtomobili idarə etməlidir. Hər hansı neqativ hadisə də ola bilər, xoş hadisə də. Müxtəlif situasiyalar yarana bilər ki, ailəyə məxsus avtomobili başqa bir şəxs idarə etməli olsun. Amma etibarnamə tələbi problem yaradacaq. Avtomobil hərəkətdə olarkən sükan arxasındakı şəxslə bağlı hər hansı fövqəladə vəziyyət yarana bilər. Avtomobil sahibi ölkədə olmaya bilər. Tutalım, kimsə dostu ilə səfərə çıxıb. Bəlkə şəxs yolda özünü pis hiss etdi, xəstəxanaya aparılası oldu, necə olacaq, etibarnamə yoxdur deyə, dostunu xəstəxanaya apara bilməyəcək ki, etibarnaməm yoxdur?! Yəni müxtəlif hadisələrin baş verməsi gözləniləndir. Belə hallarda avtomobilin digər şəxs tərəfindən etibarnaməsiz idarə edilməsində heç bir qadağa olmamalıdır. Bəzən etibarnamə zərurətini avtomobil qaçırmalarla, cərimələrlə, hər hansı cinayət tərkibli əməllərlə əsaslandırmağa çalışırlar. Birincisi, avtomobil qaçırılıbsa, dərhal polisə məlumat verilir. Cərimə məsələsi isə belədir ki, qayda pozuntusu baş verən zamanda kim sükan arxasında əyləşibsə, cərimə o şəxsə yazılır. Dünya  təcrübəsində belədir. Cərimələr elektron qaydada yazılırsa, təbii ki, avtomobil sahibinin ünvanına daxil olur. Bu halda isə avtomobil sahibi həmin vaxt sükan arxasında olmadığını polisə bildirmək üçün rəsmi müraciət edir, məsələ bununla bitir. 
  Hüquqşünas avtomobilin digər bir şəxs tərəfindən idarə olunması üçün etibarnamənin zəruriliyinin ləğvini vacib saydığını dedi: 
- Hesab edirəm ki, bu qayda ləğv edilməlidir. Çünki avtomobil sahiblərinə, onların ailə üzvlərinə, yaxınlarına əlavə problem yaradır.