Əhali də günahkardır - Eyyub Hüseynov

Çox zaman istehlakçı da gigiyenik normalara nə dərəcədə riayət edildiyinin fərqinə varmır

“Bir çox insan küçədə natəmiz şəraitdə satılan ərzaq məhsullarını alır. Satıcıya etiraz edən də yoxdur ki, bu nə vəziyyətdir, ətrafını təmizlə”

 
  Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi ölkə ərazisində fəaliyyət göstərən qida subyektlərinə müraciət edib. Müraciətdə bildirilir ki, “Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, qida subyektlərinin qida məhsulları ilə bilavasitə təmasda olan əməkdaşları gigiyenik təlimlərə cəlb olunmalıdırlar. Təlimlərin keçirilməsində əsas məqsəd qida zəncirinin bütün mərhələlərində iştirak edən sahibkarlıq subyektlərinin əməkdaşlarına müəssisələrin fəaliyyətinin sanitariya-gigiyena qaydalarının tələbləri çərçivəsində təşkil olunması üçün zəruri məlumatlar verməkdən ibarətdir. Bununla bağlı Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu qida subyektlərinin əməkdaşları üçün gigiyenik təlimlər təşkil edir. Təlimdə iştirakla bağlı qida subyektləri (012) 377-00-20 (daxili:483) nömrə ilə əlaqə saxlayaraq əlavə məlumat əldə edə bilərlər. Bildirilir ki, əməkdaşlarının gigiyenik təlimlərdə iştirakını təmin etməyən sahibkarlıq subyektləri qanunvericilikdə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyacaq.
  Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov “Şərq”ə açıqlamasında bildirdi ki, qida müəssisələri əməkdaşlarının sanitariya-gigiyenik qaydalarla bağlı təlimlərə cəlb edilməsi lazımlı addımdır: 
- Hamımız bilirik ki, qida müəssisələrində sanitar-gigiyenik normaların pozulması halları var. Eləcə də, ictimai iaşə obyektlərində, kafe və restoranlarda, hətta ən bahalı restoranlarda, istirahət mərkəzlərində sanitar normaların pozulması, görməzdən gəlinməsi halları baş verir. Hər bir ərzağın saxlanma qaydası mövcuddur. Mən dəfələrlə demişəm, irad bildirmişəm ki, ərzaq məhsulları günəş şüalarının birbaşa təsirindən qorunmalıdır. Amma yenə də bəzi marketlərin, satış məntəqələrinin qarşısında ərzaq məhsullarının, meyvə-tərəvəzin günəş şüaları altında, hava ilə birbaşa təmas şəraitində satışa çıxarıldığını görürük. Küçə ticarəti hər yerdə var. Lakin küçə ticarətinin özünün də qaydaları, normaları var və qida subyektləri bunlara əməl etməlidir. Ərzaq, qida məhsulu plastik qablaşdırmadadırsa, günəş şüası ilə təması olmamalıdır. Plastik qabların istehsalında kimyəvi maddələrdən istifadə edilir, günəşin ultrabənövşəyi şüası ona nüfuz etdikdə kimyəvi proses başlayır, plastik qablaşdırmanın içərisindəki məhsula da təsir edir, qidanın keyfiyyəti dəyişir, nəticədə zəhərlənmə də ola bilər. Amma buna diqqət edən kimdir? Qida məhsulları necə gəldi, harda gəldi satılır. Qida məhsulları, ərzaqlar saatlarla günəş şüalarının, tozun altında qalır, küləyin gətirdiyi toz hissəciklərinin, gözlə görünməyən müxtəlif bakteriyalarla çirklənməyə səbəb olur. Bakterioloji çirklənmə belə yaranır. Qida məhsullarının istehsal edildiyi, satıldığı, təklif edildiyi müəssisələr, obyektlərin də sanitar-texniki və sanitariya-gigiyenik vəziyyəti qüvvədə olan normativlərə cavab verməlidir. Döşəmə, divarlar, tavan asan yuyulub-təmizlənə bilən, suya və dezinfeksiyaedici maddələrin təsirinə davamlı materiallarla üzlənməlidir, havalandırma sistemi düzgün quraşdırılmalıdır, mətbəx sahəsində çirkab suların axıdılması üçün xüsusi drenaj sistemi olmalıdır,  təmizləyici, yuyucu vasitələr olmalıdır, qida ilə təmasda olan işçilərin təmizliyinə diqqət edilməlidir. Qida ilə bağlı istənilən obyektdə çalışan əməkdaşlar mütləq qoruyucu əlcəklərdən istifadə etməlidirlər. Şəxsi gigiyenalarına fikir verməlidirlər. Bunu müdiriyyət onlardan tələb etməlidir. AQTA dəfələrlə analoji məlumatlar açıqlayıb, nöqsanlar aşkarlanan ictimai iaşə obyektlərinin adlarını sadalayıb. Lakin problem aradan qalxmır. Bunda əhali də günahkardır. Çünki istehlakçı da gigiyenik normalara nə dərəcədə riayət edildiyinin çox zaman fərqinə varmır. Bir çox insan küçədə natəmiz şəraitdə satılan ərzaq məhsullarını alır. Satıcıya etiraz edən də yoxdur ki, bu nə vəziyyətdir, ətrafını təmizlə. Ona görə də satıcılar da öz işindədir, meyvə-tərəvəzi, ərzaq məhsullarını istədikləri kimi satırlar. 
  E.Hüseynov qeyd etdi ki, qida məhsulları satıcıları, həmçinin ictmai iaşə obyektlərində çalışanlar müntəzəm tibbi müayinədən keçirilməli, yoluxucu xəstəlikləri olub-olmadığı müəyyənləşməlidir: - Bunu təsdiq edən tibbi arayış, sənəd də müəssisəyə təqdim edilməlidir. Obyektin rəhbərliyi də işçilərinin təmizliyinə, geyimlərinə, gigiyenik normalara riayət etdiklərinə daim nəzarət etməlidir. Bakterioloji çirklənmə orqanizmdə ağır fəsadlara yol açır. Bunun qarşısını almaq üçün hamı sanitariya-gigiyenik normalara riayət etməlidir.