Paytaxt yollarında sıxlıq!  - İntervallarda GECİKMƏ: Səbəb nədir?

Bakıda bu vaxtlar adətən seyrəklik olardı

Şəhərdə sıxlıq azalmır, çünki insanlarımız daxili turizmə üstünlük vermək məcburiyyətindədir


  Avqust ayı, əslində məzuniyyət dövrünün davamıdır. Bakıda bu vaxtlar adətən seyrəklik olardı. Məhz olardı!.. Artıq  şəhərdə seyrəklik müşahidə etmək ötən əsrə qayıtmaq deməkdir. Bu da ki mümkünsüzdü. Paytaxt yollarında (konkret ərazilərdə) seyrəklik təkcə Formula 1 yarışları öncəsi və yarışlar vaxtı olur, amma o zaman da təklif edilən alternativ yollar keçilməz hala gəlir. İndi də, avqust ayı, qızmar yay günləri olmasına baxmayaraq şəhərdə sıxlıq heç azalmayıb, tıxaclar, ictimai nəqliyyatdakı gecikmələr olduğu kimi qalmaqdadır. Bunu Nəqliyyat İntellektual İdarəetmə Mərkəzinin məlumatında da görmək olur. Mərkəzin yaydığı siyahıya əsasən, səhər saatlarında yenə də - Tbilisi prospekti, "20 Yanvar" metrostansiyasından mərkəz, Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən "20 Yanvar" metrostansiyası, Bakı-Sumqayıt şosesi, "20 Yanvar" metrostansiyası istiqamətində nəqliyyatın hərəkətində sıxlıq müşahidə edilib. Vahid Dispetçer Xidmətinin də səhər pik saatlarına olan məlumatına əsasən, paytaxtın müxtəlif ərazilərində müşahidə olunan nəqliyyat sıxlıqları səbəbindən 40 müntəzəm marşrut xətti üzrə 154 avtobusun hərəkət intervalında gecikmələr var. Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) məlumatına görə, gecikmələr yaşanan yollar elə həmin sıxlıq olan yollardadır. Bakı-Sumqayıt şosesi - Bakı Beynəlxalq Avtovağzal Kompleksi - Moskva prospekti - 20 Yanvar dairəsi, Tbilisi prospekti – 20 yanvar dairəsi və şəhər istiqamətində, Azadlıq prospekti, Binəqədi şosesi – Şəhər istiqamətində, Afiyəddin Cəlilov küçəsi– Yusif Səfərov küçələrinin kəsişməsindən keçən atobuslarda, Zabrat şosesi – Şəhər istiqamətində hərəkət edən avtobusların intervalında 10-20 dəqiqə gecikmələr olub. Səbəb nədir? Paytaxt yollarındakı vəziyyəti “Sherg.az"a şərh edən, nəqliyyat məsələləri üzrə ekspert İlqar Hüseynli bir neçə amil barədə danışdı: 

"Birinci faktor hələ də davam edən xüsusi karantin rejimidir. Məlumdur ki, quru sərhədlər hələ də bağlıdır.  Pandemiyaya qədər quru yolları açıq idi, insanlar istirahət üçün qonşu ölkələrə səfər edə bilirdilər. Müəyyən faiz şəxsi avtomobili ilə səfərə çıxırdı, nəticədə şəhər yollarında avtomobil sıxlığı azalırdı. Pandemiya səbəbindən quru yollar bağlandı və əhali şəhərdə qaldı. Təyyarə ilə bahalı səfərlərə gedənləri nəzərdə tutmuruq. Onlar az faiz təşkil edir. Şəhərdə sıxlıq azalmır, çünki insanlarımız daxili turizmə üstünlük vermək məcburiyyətindədir. İmkanı olan bölgələrə 2-3 günlük, əsasən şənbə-bazar günləri, istirahətə gedir, Bakı ətrafında bağ evi olanlar orada istirahət edir, yaxud bağ evi kirayələyirlər, həftə sonları orada dincəlir, həftənin əvvəli şəhərə, işə qayıdırlar.  Ona görə də nə avtomobillərin sayı azalır, nə də yollardakı sıxlıq. İkinci faktor avtomobil vasitələrinin sayca çoxluğudur. Baxmayaraq ki, ictimai nəqliyyatda son zamanlar xəttə buraxılan kondisionerli avtobusların sayı artıb, amma tıxaclar səbəbindən avtobuslar da gecikir. İnsanlar da isti havalarda tıxacda vaxt itirmək istəmir. Ona görə də ictimai nəqliyyatdan istifadə etmirlər, taksi xidmətinə, ya da şəxsi avtomobillərlə hərəkət etməyə üstünlük verirlər. Bu amil də paytaxt yollarında sıxlığın azalmasına imkan vermir.  Üçüncü faktor da, bəllidir. Paytaxt yollarının darısqal olması, ticarət obyektlərinin yol kənarlarını zəbt etməsi, yaşayış binalarının yolun hərəkət hissəsinə yaxın inşa edilməsi… Bütün bunlar avtomobillərin hərəkətini çətinləşdirir, tıxacların yaranmasına səbəb olur. Ümumiyyətlə, Bakıda hədsiz sıxlıqdır. Regionlardakı işçi qüvvəsi durmadan Bakıya axışır. Şəhərdə sıxlıq hər keçən gün artır. Bu, ciddi problemdir".