Uşaqları valideynsiz harasa aparmaq böyük məsuliyyətdir

Sonrakı peşmançılıq fayda verməz

Dənizin təhlükəli olduğunu hamı bilir, amma hamı da eyni səhvləri təkrarlayır


  Bilgəhdə 12 yaşlı uşaq dənizdə boğulub. Bu barədə sosial şəbəkələrdə məlumat verilib. Məlumatı yayan İlkin Muradov adlı istifadəçi yazır ki, “usagı çimərliyə gətirmiş qadın ah-nalə edirdi ki, ailəsinə nə deyəcəm?!. Çox acı mənzərədir...”. Sosial paylaşıma rəy bildirənlər də baş vermiş faciədən həm təsirləndiklərini qeyd edir, eyni zamanda bu kimi məsələlərdə insanların səhlənkar, məsuliyyətsiz davranmalarını qınayırlar.  Rəy bildirənlərin demək olar əksəriyyəti “başqasının uşağını heç vaxt dənizə aparmaram”, “ailələr ömrü boyu düşmən olacaq”, hətta “usage heç dogma atasına da əmanət etmirəm”, yazır, 12 uşağın valideynlərinin üzləşdiyi faciəyə ürəkdən acıyırlar.  Təbii ki, övladını yaxın qohumuna qoşub dənizə göndərən ana nə baş verəcəyini bilə bilməzdi. Amma nələrin baş verə biləcəyini təxmin edə bilərdi. Əlbəttə, qismət, tale deyib, hadisənin üzərindən keçə bilərik. Lakin qismət, tale bizi – hər birimizi məsuliyyətli olmaqdan azad etmir. Cəmiyyətdə isə məsuliyyətin getdikcə azaldığını müşahidə edirik. 
  Hadisə barədə fikirlərini “Sherg.az"la bölüşən tərcüməçi-yazar Sevil Gültən bildirdi ki, eyni hadisə 2 ay əvvəl Zərdabda da baş verib: 

"2 ay əvvəl Zərdabda, Kür çayının yaxınlığında keçən su kanalında da baş vermişdi. Rayonumuzda olanda bunu bildim. 12 yaşlı oğlan usağı kanalda  boğulmuşdu. Onu da doğmaca dayısı aparıbmış. Atası elə yana-yana danışırdı ki… Deyirdi, oğlum kitablarını masanın üstünə səliqəylə düzmüşdü. Kitablar masanın üstündə eləcə də qalır. Uşaqları valideynsiz harasa aparmaq böyük məsuliyyətdir. İnsanlarımız məsuliyyət hissini getdikcə itirir. Atdıqları addımların fərqinə varmırlar. Dənizin təhlükəli olduğunu hamı bilir, amma hamı da eyni səhvləri təkrarlayır. Üzməyi bilməyən adamın dənizdə nə işi var?.. Yaxşı, vitamin D qəbul etmək istəyirsən, qurşağa qədər suya gir, çıx, get uzan günün altında, günəş vannası qəbul et. Mən Kürün sahilində böyümüşəm, bəlkə də inanmazsınız, kiçik yaşlarımda bircə dəfə çayda çimmişəm, ondan sonra bir daha yox. Çünki üzməyi bacarmıram. Çayda çimmək dənizdən də təhlükəlidir, çünki axar sudur. Çayda su bulanıq olanda, valideynlərimiz bizə ordan su gətirməyi də qadağan edirdilər, nəinki çimməyi. Başqasının uşağını dənizə aparmaq məsuliyyətsizlikdir. Həm aparan tərəfindən, həm də buna icazə verən tərəfindən. İnsanlarımız məsuliyətsizliyin, səhlənkarlığın qurbanı olur. Qışda adamları dəm qazı qırır, yayda dəniz. Hamısı da məsuliyyətsizlikdən qaynaqlanır. Hesab edirəm ki, orta məktəblərdə şagirdlərə təhlükəsizlik məsələləri ilə bağlı xüsusi dərslər, təlimlər keçilməlidir. Yol hərəkəti qaydaları, dəm qazı, çimərlik, oyun zalları, attraksionlarla bağlı. Uşaqlar harada onları hansı təhlükələrin gözlədiyini bilməlidirlər. Valideynlər də, nəhayət ki, smatfonlardan, tiktokdan ayrılıb, uşaqlarına düzgün nəzarət etsinlər".  

Sosioloq Elçin Bayramlı da insanlara məsuliyyətli olmaq çağırışı etdi: 
" Ümumiyyətlə, bizdə yaxın qohumların, dostların bir-birinin övladlarını gəzməyə aparmaq ənənəsi həmişə olub. Bu, insanların  bir-birinə doğmalığından, hörmətindən, səmimiyyətindən irəli gəlir. Lakin gözlənilməz halları nəzərə alaraq çalışmaq lazımdır ki, uşaqlar təhlükəli yerlərə aparılmasın. Məsələn, dəniz, göl, çay, uzaq məsafələr kimi yerlərə.  Uşağı parka aparmaq olar, əyləncə mərkəzinə, yəni daha az təhlükəli yerlərə. Hara gedilirsə-gedilsin, diqqətli olmaq vacib şərtdir. Ani diqqətsizlik, səhlənkarlıq geri dönüşü olmayan faciələrə səbəb ola bilər. Bu da həmin insana ömrü boyu vicdan əzabı yaşadacaq. Doğmalar, qohumlar arasında narazılıq, soyuqluq yaranacaq, əlaqələr, qohumluq bağları qopacaq. Əgər uşağın öz valideyninin harasa gəzintiyə, istirahətə getməyə imkanı, vaxtı yoxdursa, yaxud buna fiziki imkanı çatmırsa, usağı ailə üzvlərindən, yaxın qohumlardan, dostlardan kimsə gəzdirə bilər. Amma bu zaman da dedidyim kimi, diqqətli olmaq vacibdir. Gözlənilməz hadisələrdən kimsə sığortalanmayıb, lakin gedilən yerin təhlükəlilik dərəcəsi də nəzərə alınmalıdır. Uşağı bir an da nəzarətsiz qoymaq olmaz. Ümumiyyətlə, usağı təhlükəli gəzintilərə çıxarmaq məsləhət deyil".