Gender setereotiplərini alt-üst edirlər: Kimisi maşinist, kimisi sürücü...

 "Bakı Metropoliteni" QSC 2-ci xanım maşinisti işə qəbul edib. Məlumatla görə, Füzuli rayonundan olan Türkan Bəylər adlı xanım Bakı Dövlət Universitetinin fizika fakültəsinin məzunudur və işə yeni qəbul olunan 8 maşinistdən biridir.

Mövzu ilə bağlı "Sherg.az"a danışan jurnalist Günəş Mərd bildirib ki, ölkəmizdə qadınlar zaman keçdikcə daha da sürətlə gender stereotiplərini alt-üst edirlər: 

"Ötən gün qarşıma bir video çıxdı. Videda Bakıda Türkan qəsəbəsində yaşayan 76 yaşlı qadın sürücü Səlimə xanımdan bəhs olunurdu. O, idarə etdiyi "VAZ-21015" markalı avtomobilindən danışırdı. Qəzalarla bağlı gənc sürücülərə məsləhətlər verirdi. Video insana o qədər xoş təsir bağışlayırdı ki təkrar-təkrar izləmək istəyirdim. Səlimə xanımın sürücülüklə bağlı verdiyi məsləhətlər də başqa bir aləm idi. 

Bilirik ki, cəmiyyətimizdə "qadınlar yaxşı avtomobil idarə etməyi bacarmır" fikrində olanlar az deyil. Səlimə xanım isə öz çıxışı ilə bu düşüncədə olanları bir növ susdurdu. 

Bakı metropoliteni tarixində ikinci xanım maşinist kimi işə başlayan Türkan Bəylər də belə nümunələrdən biridir. 

İllər öncə həm Avropa Şurası, həm digər beynəlxalq təşkilatların ekspertləri Azərbaycan qanunvericiliyininin təhlilini apardıqdan sonra ölkəmizə bir sıra peşələrin qadınlara qadağa olunmasını aradan qaldırmaqla bağlı tövsiyələr verib. Bu zaman bəzi qadağaların yalnız hamilə və himayəsində körpə uşağı olan qadınlara şamil edilməsini tövsiyə edib. Görünən, ölkəmizdə bu istiqamətdə işlər davam etdirilir və zamanla müsbət nəticələr də əldə olunur. 

Hamıya aydındır ki, qadınların iqtisadi cəhətdən azad olduğu cəmiyyətlərdə həyat daha firavan olur. Kiçik bir müşahidə aparsaq, son 10 il ərzində ölkəmizdə çalışan qadınların sayında ötən illərlə müqayisədə ciddi artım olduğunu görərik. 

Nədənsə, çalışan qadınlar digərləri ilə müqayisədə daha şən, daha xoşbəxt görünürlər. Bu iqtisadi azadlığın onlara ötürdüyü müsbət impulslardır. 

İnkişaf etmiş cəmiyyətlərdə artıq bu mövzular müzakirə olunmur. 

Yenə də dünyanın bir çox ölkəsində qadınların iş şəraiti ilə bağlı müxtəlif qadağalar var. Məsələn, 29 ölkədə qadınların gecə növbəsində işləməsinə icazə verilmir, 18 ölkədə isə kişilərin öz həyat yoldaşının işləməsini qadağan etmək hüququ var.

Belə qadağalar daha çox zəif inkişaf etmiş iqtisadiyyata sahib olan ölkələrdə olur. İqtisadi cəhətdən inkişaf etmiş ölkələrdə isə bu tip qadağalara rast gəlinmir.

Bütün hallarda qadınların sevdikləri işlə məşğul olmaları gözəldir. Peşə fəaliyyətində cinsi ayrıseçkiliyi birdəfəlik rədd etməliyik. 

Bununla bağlı hər hansı məhdudiyyətlərin qoyulması ilə də razılaşmaq olmaz. Bir halda ki, dövrümüz "qadın işi deyil" deyilən yüzlərlə işlərdə qadınların rəhbər vəzifələrə gəldiyinə şahidlik edib bizə bunu inkar etmək düşməz".