"Vaxtilə ən çətin vəziyyətdə pandemiya, müharibə dönəmində xeyir işləri görmüşəm. Dövlətimiz bunu onsuz da edirdi. Hər hansı vətəndaşın bunu etməsinə ehtiyac yox idi. Sadəcə "Dəmir yumruq"da hər kəsin payı olmalıdır. Həm dövlətin vətəndaşa, həm də vətəndaşın dövlətə dəstəyi olmalıdır. Mənə güvənən insanlar sağ olsun. Mənim vasitəçiliyim ilə imkansız insanlara köməklik göstərmişdilər".
Bu fikirləri 5 sentyabr- Beynəlxalq Xeyriyyəçilik günü ilə bağlı "Sherg.az"a açıqlamasında bir vaxt yardımları ilə gündəm olan idmançı Kamil Zeynallı deyib.
O bildirib ki, artıq 2 ilə yaxındır xeyriyyə işlərini dayandırıb:
"Çünki mənim işim sırf xeyriyyəçilik deyildi. Ən çətin vəziyyətdə ortaya çıxıb dəstəyimi göstərib və sonra geri çəkildim. Bu gün yenə yardım istəyənlər çoxdur. Buna görə nömrəmi özüm deyil, köməkçim işlədir. Çünki zəng edənlərə artıq köməklik göstərmirəm demək istəmirəm. Əvvəl camaatının dəstəyi ilə bunu edirdim. İndi isə bu, yoxdur. Kiməsə yardım etməsi üçün müraciət edəsi deyiləm. Bu gün ölkədə bunu davam etdirənlər var. Allah işlərini avand etsin. Yardım edənlərə baxanda kimin ürəkdən edib, etmədiyini görmək mümkündür. İnsanların gözü tərəzidir. Reklam və göstəriş üçün olsa belə, əsas hansısa imkansız ailəni, yetim uşaqları sevindirməkdir. Yardım edənlərin və vasitəçi olanların Allah köməyi olsun və heç kim kiməsə möhtac olmasın.
Hacı Zeynalabdin Tağıyevin vaxtı ilə indiki dövr fərqlidir. Belə bir məsəl var. Mən xeyriyyəçilik edən zamanda insanlar yazırdı ki, "Sağ əlin verdiyini sol əl bilməz". İmam Əli və digər peyğəmbərlər yardım edən zaman onu gizli saxlayırdılar. Həmin insanlara peyğəmbər və imamların dövrü ilə indiki zamandakı əhalinin sayınının eyni olmadığını demək lazımdır. Hazırda cəmiyyət, insanlar, texnologiya hətta dünya belə dəyişib. Bu gün etdiyini göstərməlisən ki, digər insanlar da görüb təkrarlasın. H.Z. Tağıyev öz biznesi hesabına payladığı yardımları hər kəs bilirdi. Amma indi imkanlı şəxslər köməklik göstərən zaman qorxurlar. Əgər bu ölkədə qazanırsan, varlısan və vergi ödəyirsənsə, bundan niyə qorxursan? Bunlar çəkindiklərinə görə üzdə olan H.Z.Tağıyevlər yoxdur. Həmçinin yardım edənlər bəzi məmurların və vəzifəli şəxslərin acığına gedir. Mən də vaxtilə köməklik göstərəndə onların qəzəbinə tuş gəlmişdim. Kamil hörmət qazanıb, sevilirdi deyə torbasını tikməyə çalışırdılar. Buna görə də imkanı olan insanlar yardım etməkdən qorxurlar".