Valideynlər vahid məktəbli forması sorağındadır: Haradan tapmalı?

Hamı danışır, hamı narazı… 

Bakı Tikiş Evinin satış şöbəsinin müdüri “Sherg.az”ın vasitəsi ilə valideynlərə səslənib


Yenə məktəbli forması, yenə narazılıqlar. Vaxt daralır, problemlər də qabarır. Yeni tədris ilinin başlanmasına sayılı günlər qalır, validyenlərsə vahid məktəbli forması sorağındadır. Tapıb ala bilən də var, tapmayan da. Məktəbli formalarının ildən-ilə dəyişməsi ilə razılaşmayan da. Övladı bu və ya digər şəkildə məktəblə, təhsillə bağlı olanlar dərdini sosial şəbəkədə bölüşür. Bunun bir nəticəsi olacaqmı? Deyə bilmirik. Sosial şəbəkədə məktəbli forması müzakirələri isə bu şəkildə davam edir;  

Sosioloq Lalə Mehralı: Bəzi məlumatlara görə keçən il yeni formanın rəngini seçib şagirdlərə aldıran məktəblər bu il həmin formanı qəbul etmirlər. Valideynlərə yeni rəng forma almağı tapşırıblar. 4 rəng formanı bəyənməyib çəhrayı rəngdə forma tələb edən məktəblər də var hətta. Əfsus ki mənə inboxa yazan valideynlər məsələ ciddiləşəndə adlarını vermək, şikayət etmək istəmirlər, direktor nə çalırsa o havaya oynayırlar.
Dünya Sakit: Buzovnada elə hal yoxdur. Hansı məktəbdir elə rəhbərliyi quduran??? Valideynin haradadır elə imkanı ki, hər il forma dəyişsin?!
Lalə Mehralı: Dünya Sakit, inboxa yazıb şikayət edən olur, amma nə qədər edirəm vermirlər məktəbin adını. FB-dan öz adı ilə qeydiyyatdan keçməyib deyə konkret mənbə də göstərə bilmirəm. Çox qorxaqdı valideynlər. Elə bil direktor yox, killerdən şikayət edəcəklər.
Dünya Sakit: Lalə Mehralı, demək ki, yalan deyirlər. Böhtan atırlar. Mən inanmıram elə hal olsun. 
Lalə Mehralı: Bəs niyə yazırlar? Nə məcbur edir onları? Böhtan atsalar məktəbin nömrəsini də verərələr ki effektiv olsun cəhdləri. Müəmmalıdır.
Elçin Həsənov: Üstəlik tapşırırlar ki, “imennı” filan mağazadana alın və alanda Watsapp qrupda yazıb xəbər edin. Səbəb də məlumdu, məkrəb rəhbərliyi mağaza ilə faizə işləyir. 
Lalə Mehralı: Elçin Həsənov, ay sağ olun. “Sədərək”də ucuz olan formanı almağa qoymurlar, şaiyə yayıblar ki, o formalar ekoloji təmiz deyil. Guya şüşədən hazırlanıb. Hələ konsert qabaqdadı, 3 ildən sonra “məktəb xəlifələri” formanın rəngini dəyişəcək.
Savalan Talıblı: Başını daşa döyür məktəb və mağaza rəhbərliyi. Hələ onlara göstəriş verən də. Bunların sözündən belə çıxır, imkanı olmayan gedib oğurluq eləyib paltar almalıdır. .
Alçina Amilqızı: Ötən dəfə bunu yazmışdım. Nazirlik tükünü belə tərpətmədi. Ötən il Hövsan məktəbləri valideynlərə boz rəngdə forma aldırıblar , bu il isə göy rəngi seçiblər. Valideynlər bağıra-bağıra, məcbur yenə formanı alırlar.
Nigar Həsənli: Anonim adla məktəbin nömrəsini vermək olar da. Başa sala bilmirik insanları ki, belə olmaz. Həm şikayət edirlər, həm də dəqiq məlumat vermirlər.
Bəhruz Salmanbəyov: Qazanc mənbəyinə çevrilib. Qəribə adamlardır, mübarizə aparmadan problemi həll etmək istəyirlər.
Kənan Rövşənoğlu: Bu gün istəyirdim məktəbli formaları haqqında yazam. Çünki mövzu həqiqətən də ciddi problemə çevrilib. Təkcə bahalıq deyil, həm də onları tapıb almaq, keyfiyyət və sair. Amma sonra təsadüfən Facebook xatirələrinə baxdım, sən demə öten il də eyni mövzuda yazıbmışam. Ona görə də həvəsdən düşdüm. Bu ölkədə belədir, problemlər illərlə həll olunmur, nəticədə artıq adiləşir və ruhdan düşürsən.
Abdullah Emin: Bəy, ayaqqabı ilə birgə iki uşağa yay-qış dəstinə 208 AZN verdim... Mənasız yerə...
Kənan Rövşənoğlu: Bizim uşaqların məktəbinin formaları hələ gəlməyib.
Rəşad Piriyev: Rusiya da həmçinin, bir məktəbli forması 25 min rubldu.
Abdullah Emin: 430 azn? Çox bahadı.
Rəşad Piriyev: Standart satışı yoxdur. Özün fərdi olaraq sifariş verməlisən tikdirmə üçün, həmçinin hər bir detalı yoxlayırlar.

Məktəbli formaları ilə bağlı faktiki vəziyyət necədir? Bakı Tikiş Evi satış şöbəsinin müdürü Etibar Əzimov “Sherg.az"a açıqlamasında bildirdi ki, məktəbli formalarının istehsalı və  satışı davam edir: 

- Hədəfimiz 300 min dəst məktəbli forması istehsal etməkdir. Fabrik işləyir, bütün mağazalarımız da fəaliyyət göstərir. Bilmirəm, kim hardan, neçəyə alır məktəbli formasını. BTE-nin istehsalı olan məktəbli formalarının standart qiyməti var. Köynək 15 manat, şalvar, ətək 25 manatdır. Payız üçün nəzərdə tutulan üst geyim – jaketlər hələlik satışda yoxdur. Onlar toxunma mallardır, Türkiyədən gətiriləcək. Qiyməti 30 manatdır. Yerli istehsal jaketlər (pencək, poluver nəzərdə tutulur – M.R.)  də vardı, 25 manata, amma bəyənilmədi. Qərara gəlindi ki, Türkiyədən idxal edilsin. 
E.Əzimov bildirdi ki, BTE-nin istehsalı olan məktəbli formalarının keyfiyyət sertifikatı var: 

- Məktəbli formaları 3 rəngdə istehsal olunur. Təkcə xaki rəngdə forma istehsal etmirik. Qalan digər rənglərdə məktəbli formaları mağazalarda var.