DİQQƏT: Düşmən tərəf ən xırda detallara belə nəzər salır! 

DTX-nın çağırışı doğrudur

“Nəticə etibarı ilə hətta dövlət sirri sayılan informasiyaları belə əldə edirlər. Ona görə də hər kəs mümkün qədər diqqətli olmalıdır”

  Dövlət Təhlükəsizliyi Xidməti ictimaiyyətə çağırış edib. Qurumun Mətbuat xidmətinin yaydığı açıqlamada bildirilib ki, sosial şəbəkələrdə Silahlı Qüvvələrlə bağlı videomateriallar yaymaq ciddi hüquqi məsuliyyət yaradır. Qeyd edilib ki, son günlər “Telegram” kanallarının Ermənistan xüsusi xidmət orqanları ilə əlaqəli olan seqmentində Azərbaycan Ordusunun hərbi birləşmələri, onların dislokasiyası, yerdəyişmələri, döyüş və səfərbərlik hazırlığı, silahları, hərbi texnikası ilə bağlı videokadrların çəkilib sosial şəbəkələr vasitəsilə yayılmasına təhrik edən çağırışlar yer almaqdadır: "Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən bu kimi hallar nəzarətə götürülüb və analoji hərəkətləri etməyə təşəbbüs göstərən şəxslər barəsində zəruri tədbirlərin görülməsi təmin ediləcək". Bu kimi əməllərin hüquqi məsuliyyət yaratdığını xatırladan DTX vətəndaşları arzuolunmaz addımlardan çəkinməyə çağırıb.
  Siyasi şərhçi Azər Həsrət "Sherg.az"a açıqlamasında bildirib ki, Azərbaycan Ordusunun hərəkətini, yerdəyişməsini, silah-sursatın və canlı qüvvənin daşınmasını əks etdirən məlumatları yayan adamlar çox ciddi düşünməlidir. Ekspertin sözlərinə görə, həmin informasiyaların hansısa sosial şəbəkəyə düşməsi əleyhdarlarımızın da bundan rahat şəkildə istifadəsinə yol açır: "Ola bilsin, informasiyanı yayanlar bunun fərqinə varmırlar. Amma hər kəs bilməlidir ki, düşmən tərəf həmin foto və videogörüntüləri zərrəbinlə nəzərdən keçirir. Ən xırda detallara belə xüsusi diqqət yetirirlər. Nəticə etibarı ilə hətta dövlət sirri sayılan informasiyaları belə əldə edirlər. Ona görə də hər kəs mümkün qədər diqqətli olmalıdır. DTX-nın çağırışı buna hesablanıb. Düzdür, vurğulamaq lazımdır ki, əvvəlki illərdən fərqli olaraq son illərdə belə halları çox müşahidə etmirik. 44 günlük müharibədən əvvəlki dövrlərdə belə hadisələr kifayət qədər çox yaşanırdı. Hətta hərbçilərin özləri belə döyüş mövqelərindən paylaşımlar edirdilər. Bunun qarşısı alınıb, çünki insanlar maariflənib və anlayıblar ki, bunu etmək olmaz. Ancaq yenə də kimlərsə bu paylaşımları edirsə, həmin adamlarla məhz DTX ciddi şəkildə məşğul olmalıdır. Mümkün deyil ki, bu qədər təbliğatın, maariflənmənin qarşısında o cür şəxslər nə etdiklərinin fərqinə varmasınlar. Bunu bilmədən etdiklərini iddia edə bilməzlər. Bütün kanallar, media qurumları illərdir çağırış edir, bu problemin üzərinə gedirlər. Qəsdən edirsə, deməli, başqa məqsədləri var və kiməsə, nəyəsə xidmət edir. Bəlkə araşdırıldığı zaman arxasından xarici kəşfiyyat orqanları da çıxacaq. Ona görə də hamı bu məsələnin üzərinə getməlidir".