Pensiyalar artırılacaq! - BU TARİXDƏN...

Digər sosial istiqamətlərdə artımlar da əsas hədəflər sırasındadır

  Son 3 ayda neftin dünya bazar qiyməti 22 faiz yüksəlib. Artıq Brent markalı neftin qiyməti hər barel üçün 90 dollardan baha təklif olunur. Neftin dünya bazarı qiymətindəki artımlar hasilatın azaldılması ilə yanaşı həmçinin tələbin yüksəlməsi ilə bağlıdır. OPEK + alyansı hasilatın optimallaşdırılması siyasətini davam etdirir və bu məsələdə hər hansı yayınmalar müşahidə olunmur. Digər tərəfdən, Çin daxil olmaqla bir sıra aparıcı ölkələrdə neftə tələb də yüksəlməkdədir ki, bu da birjalara təsirsiz ötüşmür. Bəs neftin qiymətinin artması əmək haqqı və pensiya ödənişlərinə necə təsir göstərəcək?
  Millət vəkili Vüqar Bayramov "Sherg.az"a bildirib ki, neftin qiymətinin artması dövlət büdcəsindən xərcləmələr üçün, xüsusən də fiskal öhdəliklərin vaxtında və nəzərdə tutulan məbləğdə həyata keçirilməsi baxımından imkanlar yaradır:

"Bu, işğaldan azad edilmiş ərazilərin bərpasının maliyyə baxımından təminatı üçün vacibdir. Digər tərəfdən, dövlət büdcəsindən maliyyələşən layihələrin icrasına, o cümlədən, sosial proqramların maliyyələşməsinə müsbət təsir göstərir. Yüksək neft qiymətləri xarici valyuta ehtiyatlarımızın artması baxımından da əhəmiyyətlidir. Əməkhaqqı və pensiyaların mütəmadi artırılması sosial siyasətin əsas prioritetlərindəndir. Gələn ilin yanvar ayında bütün növ əmək pensiyaları indeksasiya edilərək artırılacaq. Digər sosial istiqamətlərdə artımlar da əsas hədəflər sırasındadır. Bu baxımdan, fiskal gəlirlərimizin artması sosial təminatın güclənməsi üçün də yeni imkanlar yaradır".