İntihar edən kişilərin sayı artır  - SƏBƏB?

Ötən il ölkədə Ədliyyə Nazirliyi tərəfindən 609 intihar hadisəsi qeydə alınıb.

"Report"un xəbərinə görə, bu, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2022-ci il üzrə məlumatında əksini tapıb.

Belə ki, intihar edən şəxslərdən 457-i kişi, 152-i qadın olub.

"İntiharlar həm cəmiyyətimiz, həm də dövlətimiz üçün çox həssas mövzudur. Dövlət Komitəsi bununla bağlı araşdırmalar aparır, kəsb etməyən intihar hadisələrinin gündəmə daşınması və tirajlanması mənfi təsir yaradır və müxtəlif yaş qruplarına, habelə psixologiyası zəif olan təbəqələrə, risk qruplarına nüsxə intiharlarına yönəldici təsir edir. Aparılan anket sorğularında açıq suallara cavab verənlərin əksəriyyəti bu faktları sadalayıb və ən yaxın çevrələrində müşahidə edib", - Dövlət Komitəsinin məlumatında qeyd olunub.

Kişlərin qadınlardan təxminən 3 dəfə daha çox intihar etməsi ilə bağlı “Sherg.az”a danışan sosioloq Lalə Mehralı bildirib ki, mühafizəkar cəmiyyətlərdə  kişilər qadınlardan fərqli olaraq problemlərə qarşı son ana qədər sakit qalmağı üstün tuturlar:

 “Onlar şikayətlənmə və psixoloji  narahatlıqları  barədə kiminləsə danışmağı seçmirlər. Tarixən bizim cəmiyyətin kişi obrazında şikayətlənən, deyinən kişi qəbul edilməz hesab olunurdu. Hazırda da kişilər bu yolu tutur. Sözügedən cinsin nümayəndələri problemlərini bölüşməyi acizlik göstərgəsi kimi dəyərləndirirlər. Əslində problemi bölüşmək, psixoloji durumun barədə yaxın ətrafınla danışmaq bir növ sosiallaşmaq deməkdir. Kişilər sosiallaşmanı həyata keçirmədiyi üçün üst-üstə gələn problemlər zamanla psixolojik narahatlıqlar yaradır”.
Sosioloq kişilərin sosial problemlərini  zamanında yaxınları ilə müzakirə etmələrinin onlar üçün rahatladıcı rol oynayacağını vurğulayıb:
  
“Hazırda son çarəni intihar etməkdə görən kişilərin sayı artır. Bu çox təhlükəli vəziyyətdir. İntihar xudbinlikdir. Əgər valideynsənsə, bu ikiqat xudbinlikdir. Çünki sən dünyadan köçüb getdikdən sonra, sənin baş edə bilmədiyin problemlər ailən üçün hələ də mövcud vəziyyətdə olacaq. Ona görə də intihar etmək əvəzinə problemin həlli yolunu düşünmək lazımdır”.