“Ata öz uşağının pulunu vermirsə, dövlətə pul verəcək?" - ETİRAZ

Deputat Aliment Fondunun yaradılmasına etiraz edib

  Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova Aliment Fondunun yaradılmasını təklif edib. Onun sözlərinə görə, Aliment Fondunun icra mexanizmi ilə əlaqədar beynəlxalq təcrübə təhlil edilib: "Rəsmi olaraq müvafiq dövlət qurumlarına öz təkliflərimizi təqdim edəcəyik". Komitə sədri bildirib ki, o artıq bir neçə dəfə Aliment Fondunun yaradılması və ödənişli atalıq məzuniyyəti ilə bağlı təklif irəli sürüb: "Mənə və burada əyləşən deputat həmkarlarıma da edilən müraciətlərin böyük bir hissəsini məhz alimentin ödənilməməsi təşkil edir".
  Deputat Aqiyə Naxçıvanlı isə Aliment Fondunun yaradılması təklifinə etiraz edib: "Övladı üçün aliment ödəməyən ata məgər dövlətə pul verəcək? Ona görə də Azərbaycanda Aliment Fondunun yaradılmasına qarşıyam. Biz müsəlman dövləti olduğumuzdan ailə dəyərləri yüksəkdir. Lakin ata öz uşağının pulunu vermirsə, sizcə, dövlətə pul verəcək? Elə qanun və qaydalar yaratmalıyıq ki, atanı məcbur edib pulu ödətməliyik. Niyə alimenti dövlətin boynuna qoymalıyıq?! Uşaqların anadan olması üçün ödənilən birdəfəlik müavinət məbləğinin artırılmasının tərəfdarıyam”.