AİB-in məsləhətçisi: Azərbaycanda ictimai nəqliyyat təşviq olunmalıdır

Reabilitasiya və yenidənqurma layihələri ilə bağlı planlar nəzərə alınmaqla Azərbaycanda dövlət və özəl sektorda birgə işlərdə maraqlı tərəflərlə yaşıl sahəyə investisiyaların maliyyələşdirilməsində potensial əməkdaşlıq haqqında müzakirələr aparmağa hazırıq. Çünki Avropa İnvestisiya Bankının əsas hədəfləri məhz təmiz ətraf mühitə nail olmaq və ətraf mühitin çirklənməsinin qarşısının alınması üçün bir sıra addımların atılmasıdır.

Bunu Avropa İnvestisiya Bankının Avropa İttifaqına qonşu ölkələrdə kredit əməliyyatları üzrə baş məsləhətçisi Herve Guenassia“APA-Economics”ə açıqlamasında deyib.

Avropa İnvestisiya Bankının dünyanın müxtəlif ölkələrində, eyni zamanda da Azərbaycanda müxtəlif işlər gördüyünü vurğulayan H.Quenassia təmiz ətraf mühitə nail olmaq üçün görüləcək işləri də sadalayıb: “Bizim əsas siyasətimiz bir sıra istiqamətlərə fokuslanıb. Bunun üçün öncə ənənəvi yanacağın təşviqindən imtina etmək lazımdır. Enerji səmərəlililiyi və bərpa olunan enerji sahəsində innovasiyalar inkişaf etdirilməlidir. Bundan başqa, alternativ enerji mənbələrinə diqqət artırılmalı, insanların elektrik enerjisinə əlçatanlığı təmin olunmalıdır”.

O qeyd edib ki, İqlim Bankının Yol Xəritəsində bir sıra hədəflər müəyyənləşib: “Yaşıl keçidi dəstəkləyən layihələrə daha çox sərmaye qoyulmalıdır. Karbon emissiyalarını azaltmaq üçün innovasiya və rəqəmsallaşmaya üstünlük verilməlidir. Kənd və meşə təsərrüfatı təşviq edilməlidir”.

H.Quenassianın sözlərinə görə, AİB təkcə 2015-2021-ci illərdə dünyada bərpa olunan enerjiyə 26,7 milyard avro sərmayə qoyub. H.Quenassia bildirib ki, təmiz ətraf mühit və iqlimlə bağlı zərərləri azaltmaq üçün ictimai nəqliyyat təşviq olunmalıdır: “İctimai nəqliyyatı təşviq edərək şəhərlərdə karbon emissiyalarını azaltmaq olar”.