Sülhün açarı: Tezliklə müqavilə imzalanacaq?

Ermənistan regionda kommunikasiyaların açılması üçün təsirli və konkret addımlar atmağa hazırdır.
Bunu Ermənistan Baş naziri Nikol Paşinyan deyib.
“30 ildən artıqdır ki, Ermənistanın Türkiyə və Azərbaycanla sərhədləri bağlıdır. Bu gün biz bu barədə çox danışırıq və regionda nəqliyyat kommunikasiyalarının açılması imkanlarını müzakirə edirik. İrəvanın nəqliyyat kommunikasiyalarının açılmasına yanaşmaları “Dünyanın kəsişməsi” konsepsiyasında öz əksini tapıb. Əminəm ki, bu təşəbbüsün həyata keçirilməsi region ölkələrinə daha çox imkanlar yaradacaq, həm də Ermənistanın dənizə çıxışını təmin edəcək”, - Paşinyan bildirib.
Erməni baş nazir vurğulayıb ki, Ermənistan Azərbaycanla nəinki keçmişdə mövcud olan dəmir yolu əlaqəsini bərpa etməyə, həm də yenilərini tikməyə hazırdır:
“Xüsusilə, şimal istiqamətində Qazaxı Ermənistanın Tavuş rayonu ilə, cənub istiqamətində isə Azərbaycanın qərb rayonlarını Naxçıvanla birləşdirəcək yoldan söhbət gedir”.
Paşinyan şimal, orta və cənub istiqamətlərindən keçə bilən avtomobil yollarından istifadəyə də işarə edib və bildirib ki, bununla Ermənistan şimalla cənub, şərqlə qərb arasında bir qovşağa çevrilə bilər.
Onun sözlərinə görə, İrəvan Türkiyə ilə dəmir yolu və avtomobil yollarının açılmasına da hazırlıq görür.
“Ermənistan sülh müqaviləsinin imzalanması üçün əlavə şərtlər irəli sürsə də, ümumi prosesə hər hansı formada təsir etmək imkanına malik olmayacaq”.

Mövzu ilə bağlı fikirlərini “Sherg.az” la bölüşən Sosial Tədqiqatlar Mərkəzinin sektor müdiri, politoloq Tural İsmayılov bildirib ki, hər birimiz hazırda tarixi anların yaşandığı dövrün şahidləriyik. İlk dəfədir ki, iki münaqişəli ölkə – Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanması üçün perspektivlər yaranıb:
“Sülh tərəfdarı olan Azərbaycan regionda hər zaman əmin-amanlığın hökm sürməsi üçün səy göstərib. Yaşanan təxribatlara baxmayaraq, Azərbaycanın qalib ölkə kimi diktə etdiyi şərtlər sülh müqaviləsinin imzalanması prosesini daha da sürətləndirir. Hazırda sülh müqaviləsinin imzalanması yönündə böyük işlər görülür. Ermənistan hər zaman olduğu kimi indi də müqavilənin imzalanması prosesinə mane olan və ya vaxtı uzadan fəaliyyətini davam etdirir”.

T. İsmayılov İrəvanın sülh müqaviləsinin imzalanması üçün əlavə şərtlər irəli sürsə də, ümumi prosesə hansısa, formada təsir etmək imkanına malik olmayacağını vurğulayıb:
 “Ermənistan münasibətlərin normallaşması istiqamətində davam etdirilən proseslərə mane olan addımlardan çəkinərsə, sülh müqaviləsinin tezliklə imzalanması realdır.  Paşinyanın söylədiyi fikirlərdə yenilik yoxdur. Ermənistan normal xəttə tutsa idi heç müharibıə də olmazdı. Paşinyan qeyri-ciddi siyasətçi olduğu üçün regionda heç bir siyasi çəkisi yoxdur. Sülhün yeganə açarı Azərbaycanın şərtlərini qəbul etməkdən keçir”.