Körpükənd-yüz illərin arasına körpü salan kənd

Tanınmış tədqiqatçı-jurnalist Faiq Şükürbəylinin yeni çapdan çıxan kitabı belə adlanır.
Azərbaycan və Gürcüstan arxivlərinin, eləcə də şəxsi arxivlərin, saxlancların materialları
əsasında yazılmış bu kitab tarixdən boy verən bir yaşayış məntəqəsinin-Zərdab rayonunun
Körpükənd kəndinin tarixinə, insanlarının məişətinə, məşğuliyyətinə, onların təsərrüfat həyatına
ayna tutur.
Kitab Millət vəkili, Milli Məclisin Ailə, Qadın, Uşaq Məsələləri Komitəsinin sədr müavini,
filologiya üzrə elmlər doktoru, professor Jalə xanım Əliyevanın “Torpaq təəssübündən doğan
işıq” adlı məqaləsi ilə başlayır. Vətən təəssübkeşliyini, yurd istəyini sevgi ilə qələmə alan
müəllif yazır: “Ensiklopedik məlumat yükü daşıyan bu kitabda Körpükəndin tarixi, coğrafiyası,
bu kəndin təməlini qoyanlar, hər daşında izi olanlar, əməyi keçənlər, Vətən uğrunda şəhid
olanlar, qəhrəman oğullar bir-bir xatırlanır, onların haqqında müfəssəl məlumatlar verilir. Bizcə,
Körpükəndin təşəkkülü tarixindən bu günümüzə qədər keçdiyi yolun hər qarışına bu kitabda yer
ayrılıb. Heç kim və heç nə diqqətdən kənarda qalmayıb”. Müəllif fəxarətlə qeyd edir ki,
Körpükənd sözün əsl mənasında Zərdabın və Azərbaycanımızın dilbər guşəsidir, ziyalılıq və
zəhmətsevərlik mücəssəməsidir. Yüzilliklərə dayanan qədim tarixi boyu, bu torpağın sakinləri
qurublar, yaradıblar, ən çətin günlərdən, sınaqlardan keçiblər.
Professor J.Əliyeva haqlı olaraq Azərbaycan tarixinin son əsrlər dönəmində Körpükəndin və
Körpükəndlilərin öz yeri, öz imzası olduğunu vurğulayır. “Körpükənd Vətənin əhəmiyyətli,
taleyüklü bütün dövrlərinin həm şahidi, həm də birbaşa iştirakçısıdır. Bu torpaq Qarabağ
savaşında doqquz şəhid verib, yüzlərlə müharibə iştirakçısı, veteranı var. Onların hər biri ilə
təkcə Körpükəndlilər deyil, bütün ölkəmiz fəxr edir, qürur duyur”. Daha sonra müəllif bu
torpağın yetirmələrindən söhbət açaraq bildirir ki, bu torpağın yüzlərlə ziyalısı var. Bu ziyalıların
hər biri Körpükəndin adını yüksək tutub, əməlləri ilə sədaqət nümayiş etdiriblər. Dolğun və
hərtərəfli məlumatına, səmimi fikirlərinə görə professor Jalə xanıma təşəkkür edirik.
Böyük zəhmət hesabına başa gələn bu kitab yaşayış məntəqələrindən yazılmış kitablardan
onunla fərqlənir ki, burada çar rusiyası dönəmində tərtib olunmuş kameral təsvirlər, əhalinin
şəcərəsi və s. öz əksini tapır.
Müəllif bu kitabı şərti olaraq iki hissəyə ayırır. Birinci hissədə arxivlərindən əldə edilən
materiallar öz əksini tapır. Yalnız arxiv köşələrindən deyil, eyni zamanda əldən uzaq
saxlanclarda saxlanılan yazılar-şəkillər, kitabxanalardan götürülən faktlar ipə-sapa düzülərək
sistemli şəkildə kitab halına gətirilib. Bu kitabı vərəqlədikcə hiss edirsən ki, müəllif belə bir
kitabı rahat kresloda oturub pürrəngi çay içə-içə yazmayıb. Onun günləri arxivlərdə keçib
topladığı sənədləri arayıb-darayıb, yığıb-yığmalayıb oxucularımızla görüşə gəlib. Gəlib ki,
gümanlara, ehtimallara, fərziyyələrə son qoyub kökümüzü-köməcimizi, kargüzar, kəramətli
ulularımızı sənədlər əsasında tanıyaq. Gəlib ki, lay divar kimi aslan biləkli, şir ürəkli, gen kürəkli
el igidlərini, ova gedəndə qıy-qışqırıqdan qayalar yıxılan, yayxanıb gələndə dənizə bənzəyən, əli
qalxanlı, çiyni kamanlı Körpükənd oğulları ilə tanış olaq. Bu hissədə Körpükənd kəndinin
tarixinə, coğrafiyasına, etnoqrafiyasına, folkloruna, əhalisinin kameral siyahılarına, kənd
camaatının şəcərələrinə, insanların məşğuliyyətinə, onların təsərrüfat həyaına arxiv materialları
əsasında ayna tutulub.
İkinci hissədə isə müasir dövrün insanlarına-kolxoz qurucularına, alın tərini süfrəsinə
yavanlıq edən zəhmət adamlarına, Böyük Vətən müharibəsində fədakarlıq göstərən kişilərə,
Birinci və İkinci Qarabağ savaşında döğma vətənini mərdliklə qoruyan, Vətənə atılan güllələri
sinələri ilə qarşılayan qəhrəman oğullarımıza səxavətlə yer ayrılıb. Eləcə də müəllimlərimiz,
həkimlərimiz, hüquq-mühafizə işçilərimiz, həmçinin müxtəlif peşə sahiblərimiz haqqında
məlumatlar verilib.
Üzüsulu, ağzı dualı nənələrimizin, ağır taxtalı babalarımızın, iradəli, məğrur dədələrimizin
ruhlarına ehtiram göstərilib. Bu dəyanətli insanlar barəsində xatirələri, təəssüratları bölüşəndə bir
daha fəxarət hissi keçirdik ki, onlar heç bir kəsin yanında gözükölgəli olmayıblar. Gözlərinin-
könüllərinin toxluğu, ağayana, mərdanə hərəkətləri onlara cəmiyyətdə şax yeriməyə, şux
gəzməyə imkan verib.
Görklü-görkəmli bu şəxslərin hər birinin öz izi var. Keçənlərə salam olsun! Onlar səxavətlə
ad qazanıb həccə gediblər, meydanda da məclisdə də tanınıblar. Çoxunun adı günümüzəcən gəlib
çatıb. Bəzilərinki tarixin qaranlıqlarında qalıb. Müəllif arayıb-darayıb onları sizə tanıtmaq
qərarına gəlib. Bu günün adlı-sanlı kişilərindən söz açıb. Onlar payı təhnədən, çayı dəhnədən
götürən ərlər, ərənlərdir. Təbii ki, bu kitabdakı yazıların canı-qanı bəy-bəydar babalarımızdı, xoş
əməl sahibləridir, xeyirxah insanlardır. Tanımağa dəyər, əziz oxucularımız, onlar sizdən, siz də
onlardansınız.
Bu müasir dövrdə yazılmış, lakin yüz illərdən soraq verən bir tarixdir. Hər birimiz tariximizi
mükəmməl öyrənməliyik ki, yeri düşəndə bədxahlara tutarlı tutanaqlarla cavab verə bilək.
Şairlərimizdən biri yazır :
Xalqın tarixini bilməyən insan,
Özünü tanımaz, sözünü bilməz.
Səfalı çeşmədən su içər heyvan.
İçdiyi çeşmənim gözünü bilməz.
Mən bu kitabın barəsində uzun-uzadı danışmayıb, onu həssas oxucularımızın ixtiyarına
verirəm. Qoy onlar bu kitabı oxusunlar, fəxarət hissi keçirsinlər, şərəf duysunlar. Mən yolumu
kəsə, zözümü qısa edərək yalnız onu deməyi özümə borc bilirəm ki, geniş oxucu kütləsi üçün
nəzərdə tutulmuş bu kitab, həm də gənc araşdırıcılar üçün mənbə rolunu oynaya bilər.
Onu da deyək ki, kitab böyük mütəfəkkir Həsən bəy Zərdabinin adını daşıyan “Zərdabi
Nəşr” MMC müəssisəsində nəfis şəkildə çap olunmuşdur.

Elman Qasımov,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü