Güzəştli mənzillərin növbəti seçimi başa çatdı

Mənzil İnşaatı Dövlət Agentliyinin layihələri – Hövsan Yaşayış Kompleksinin birinci mərhələsi, Hövsan Yaşayış Kompleksinin ikinci mərhələsi, Gəncə Yaşayış Kompleksi və Sumqayıt layihəsində yerləşən ümumilikdə 432 mənzilin ipoteka kreditindən istifadə etməklə, həm də öz vəsaiti hesabına ödəniş üsulu ilə “Elektron hökumət” portalı (www.e-gov.az) üzərindən “Güzəştli mənzil” sistemi vasitəsilə satışı prosesinə 16.12.2023-cü il tarixində saat 11:00-da başlanılmış və mənzillərin seçimi qısa müddətdə başa çatıb.

Qurumdan Trend-ə bildirilib ki, mənzillərin seçimi prosesi Mənzil İnşaatı Dövlət Agentliyinin inzibati binasında yaradılmış operativ qərargahda Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin, Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi və "AzInTelecom” MMC-nin və media nümayəndələrinin iştirakı ilə müşahidə edilib.

Seçim mərhələsi başa çatdıqdan sonra isə Mənzil İnşaatı Dövlət Agentliyinin nümayəndəsi “Güzəştli mənzil” sistemində aparılan təkmilləşdirmə işləri və xüsusi proqram təminatları vasitəsilə mənzil seçiminin daha sürətli edilməsinin qarşısının alınması məqsədilə seçim prosesinə tətbiq edilən əlavə təhlükəsizlik tədbirlərini əyani olaraq nümayiş etdirib.

“Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin sərəncamında olan mənzilləri vətəndaşların güzəştlə əldə etməsi Qaydası”na uyğun olaraq gözləmə qaydasında mənzillərin seçimi isə 19 dekabr 2023-cü il tarixində saat 11:00-da başlayacaq və 23 dekabr 2023-cü il tarixi saat 11:00-dək davam edəcək.