2023-cü il üzrə dünyanın ən yaxşı qida məkanlarının adları məlum olub. Belə ki, tanınmış səyahət platforması “Tripadvisor”da 2023-cü il ərzində turistlər arasında qida məkanları ilə bağlı səsvermə keçirilib. Nəticələrə əsasən, Bakı şəhəri dünya miqyasında qida məkanları siyahısında 13-cü yeri tutub.
Qeyd edək ki, siyahı sayt istifadəçilərinin rəy və fikirlərinə əsaslanır və minlərlə şəhərin arasından qida məhsullarının əlçatanlığına görə 25 şəhər “Best of the Best” mükafatına layiq görülür. Platformanın veb-saytındakı “Dünya üzrə qida məkanları” bölməsində Bakının mövcud reytinqi ölkəmizdə son zamanlar qida sahəsində həyata keçirilən davamlı və məqsədyönlü tədbirlərin nəticəsi kimi qiymətləndirilir. “Tripadvisor” turistlər üçün maraqlı məkanları, ən yaxşı otelləri, yemək üçün uyğun restoranları tövsiyə edir. Platformanın 8 milyonluq siyahısının cəmi 1%-dən az hissəsi “Best of the Best” mükafatına layiq görülür ki, bu da səyahətdə ən yüksək mükəmməllik səviyyəsini göstərir.
Statistikanı dəyərləndirən qida məsələləri üzrə mütəxəssis Ağa Salamov "Sherg.az"a açıqlamasında qeyd edib ki, Azərbaycan yeməklərinin dadlı olmasının əsas səbəbi ölkəmizin 9 iqlim qurşağının olmasıdır:
“Ona görədə də iri və xırdabuynuzlu heyvanların ətindəki qida dəyəri yüksəkdir. Turistlərə quzulardan kabab kəsilərək təqdim edilir. İnanmıram ki, bu kababın dadından hansısa turist doysun. Çünki bu almanın, fransızın,italyanın morinos qoyunundan deyil. Yeməklərimizdə karbohidrat, zülal elə formalaşdırılıb ki, öz sözünü deyir. Təbii ki, insan sağlamlığı da nəzərə alınır. Misal olaraq Qarabağa aid boyanalı plovu göstərmək olar. Burada plova yumurta vurulur. Düyüdə xolin var ki, o da marqanislə sintez olunur. Bir yerdə istehlak olunduğu zaman beynin fəaliyyəti güclənir. Bu statistikada daha ön sıralarda olmaq üçün heyvanlar təbii bəslənməlidir. Brolyer toyuqlarını kabab adı altında qonağa təqdim etsəz, ləzzəti olmuyacaq. Bu kimi önəmli statistik məlumatlarda yük tur agentliklərinin üzərinə düşür ki, onlar turistlərə düzgün istiqamət versinlər. Harda çox faiz verilirsə, o restorana deyil, harada ki, Azərbaycan mətbəxi daha yaxşı təşkil olunursa, ora yönləndirməlidirlər".