Avtomobil bazarında durğunluq: Ən çox hansı markalara təlabat var? 

Dekabr ayında Avropa İttifaqında avtomobil satışları 3,3 faiz azalsa da, 2023-cü ilin yekununa əsasən 13,9 faiz artıb.                                                                
Bu barədə Avropa Avtomobil İstehsalçıları Assosiasiyasının (ACEA) hesabatında deyilir.                                                                                             
Məlumata əsasən, Avropa İttifaqında yeni minik avtomobillərinin qeydiyyatı (statistikanın aparılmadığı Malta istisna olmaqla) ötən il 10 milyon 548 min ədəd təşkil edib, 2022-ci ildə isə bu göstərici 9 milyon 264 min ədəd olub. Avtomobil satışlarında Almaniyada 7,3 faiz, Fransada 16,1 faiz, İtaliyada 18,9 faiz, İspaniyada isə 16,7 faiz artım qeydə alınıb.
Maraqlıdır, bəs Azərbaycan avtomobil bazarında satışlar nə yerdədir? Alıcılar ən çox hansı markalara üstünlük verirlər?

Mövzu ilə bağlı danışan nəqliyyat eksperti Aslan Əsədov "Sherg.az”a bildirib ki, Azərbaycan avtomobil bazarında durğunluq müşahidə edilir:


"Bu vəziyyət qış mövsümü ilə əlaqədardır. Günümüzdə xaricdən idxal edilən avtomobillərin rəsmi statistikasına nəzər salsaq görərik ki, buraxılış müddəti on ildən yuxarı olan maşınların qeydiyyata alınmasında müəyyən qanunlar mövcuddur. Bu səbəbdən yeni istehsal olunmuş nəqliyyat vasitəsinə üstünlük verilməlidir. Alıcılar isə daha çox inovatif, komfortlu, az yanacaq sərf olunan, ehtiyyat hissələri gec xarab olan maşınları alırlar. Bu markalar içərisində ən çox satış olunan isə "mersedes", hər zaman liderliyini saxlayan "Toyota", "Kia" və "Opel"-i misal olaraq göstərmək olar".