Qlobal istiləşmə insanların ömrünü 6 ay qısalda bilər.
Bu barədə Şahcəlal Universitetinin tədqiqatçısı Amit Roy araşdırma aparıb. Dosent Roy 1940-cı ildən 2020-ci ilə qədər 191 ölkə üzrə orta temperaturu və yağıntı göstəricilərini təhlil edib. Yüksələn temperatur, dəyişən yağıntı dövrləri, təbii fəlakətlər və istilik dalğaları kimi ekoloji faktorlar birbaşa insanların ölümünə səbəb olacaq. Qlobal istiləşmə sürətlə davam edərsə, kişilərin ömrü altı ay, qadınların isə 10 ay azalacaq.
Doğrudanmı, qlobal istiləşmə ömrümüzün azalmasına şərait yaradır?
Məsələni dəyərləndirən professor Adil Qeybulla “Sherg.az”a açıqlamasında deyib ki, bunu qlobal istiləşmə deyil, yer kürəsinin temperatur tənzimlənməsinin pozulması aldandırsaq, daha düzgün olar:
"Çünki temperaturun müxtəlif dəyişimi yer üzündə bölünür. Bəzi yerdə həddindən soyuq, digərində isə əksinə müşahidə edilir. Yəni, görünməmiş iqlim dəyişiklikləri baş verir. Bu stiuasiya insanların sağlamlığı üçün, həmçinin bütövlükdə heyvanlar və bitkilər aləminə təhlükə yaradır. İnsanların sığınacaq, özünümüdafiə imkanları digər canlılardan daha yüksəkdir. Heyvanlar, bitkilər isə daha çox bu prossesə məruz qalır və sürətlə sıradan çıxırlar. Hesab edirəm ki, bu gedişat nəinki ömrün qısalmasında, hətta yeni pandemiyaların yaranmasında böyük rol oynayacaq. Hər halda bütün dünya imkanlarını "qlobal istiləşmə" adlandırdığımız fəlakəti aradan qaldırmaq üçün səfərbər etməlidir. Karbon qazı, metanonun utilizasiyası haqda düşünməli və çox saylı qlobal tədbirlərə yönəlməliyik. Ən böyük problem isə yüksək insan artımıdır".