Sumqayıt-Bakı marşrut xətti üzrə ekspres avtobuslar sərnişinlərin xidmətindədir.
Bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi məlumat yayıb.
Bildirilib ki, marşrut üzrə gediş haqqi 80 qəpik təşkil edir və ödəniş nağdsız qaydada həyata keçirilir. Qeyd edək ki, “BakıKart”ın balansını artırmaq üçün həm Bakı Beynəlxalq Avtovağzal Kompleksi, həm də Sumqayıt avtovağzalında ödəniş terminalları yerləşdirilib. Sərnişinlər, həmçinin “BakıKart” mobil tətbiqi üzərindən QR kod vasitəsilə də ödənişlərini edə bilərlər.
Bəs, ekspres avtobusların təşkilinin nə kimi effekti olacaq?
Mövzu ilə bağlı Avtosfer.az saytının baş redaktoru, nəqliyyat eksperti Elməddin Muradlı "Sherg.az"a bildirib ki, Bakı-Sumqayıt istiqamətində ictimai nəqliyyatın inkişafına çox böyük ehtiyyac var:
"Bu ehtiyyacı təmin etmək üçün müxtəlif layihələr düşünülür. Hazırda sözügedən istiqamətdə elektrikli avtobusların istismarı mövzusu müzakirə edilir. Bununla bağlı yaxın zamanlarda addım atılacaq. Çünki Bakı, Sumqayıt, Masazır, Xırdalan, Ceyranbatan,Sulutəpə tərəflərdən şəhərə böyük axın müşahidə edilir. Əhali şəxsi avtomobillərlə hərəkət edirlər. Nəticədə sıxlıq yaranır.Ona görə də vətəndaşların ictimai nəqliyyata yönləndirilməsi vacibdir. Ekspres xətlərin intervalı normal və qiyməti də münasibdir. Çünki insanlar mikroavtobuslardan istifadə edərkən 1-1.50 civarında ödəniş edirlər. Bunun qarşılığında gediş haqqının 80 qəpik təyin olunmasını qənaətbəxş hesab etmək olar. Ancaq gələcəkdə müntəzəm marşrut xətlərinin yaradılmasına üstünlük vermək lazımdır".