İqtisadçıdan qaz limitləri ilə bağlı çağırış: Deputatlar xalqın səsini eşitməlidir

Qaz istifadəsi limitlərinin ləğvi "Azəriqaz"ın səlahiyyətində deyil


Azərbaycanda əhali qrupu üzrə abonentlər üçün tətbiq olunan qaz istifadəsi limitlərinin ləğvi məsələsi gündəmdə deyil.
Bunu "Azəriqaz" İstehsalat Birliyinin (İB) Baş direktoru Ruslan Əliyev havaların kəskin soyuması ilə əlaqədar sosial şəbəkələrdəki canlı yayımı zamanı bildirib.
“Bu məsələ gündəmdə deyil və ona baxılmayıb”, - Ruslan Əliyev vurğulayıb.
Xatırladaq ki, 2021-ci ilin oktyabrın 16-da Tarif Şurasının iclasında təbii qaz üzrə topdansatış və pərakəndə satış qiymətlərinin tarif tənzimlənməsinə dair qərar qəbul edilib. Qərara əsasən, əhalinin illik istehlakının 1 200 kubmetrədək olan hissəsi üçün tariflər 10 qəpikdən 12 qəpiyə artırılıb. Əhali üçün 1 200-2 500 kubmetrədək və 2 500 kubmetrdən çox olan hissələr üçün tariflər müvafiq olaraq 20 və 25 qəpik olmaqla dəyişməyib və əvvəlki həddə saxlanılıb. Qeyri-əhali kateqoriyasından sənaye və kənd təsərrüfatı üzrə qazın tarifləri 20 qəpikdən 22 qəpiyə artırılıb.
Qeyd edək ki, ötən il SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyinin əhali qrupu üzrə abonentlərin 47,1%-i (1 199 375 abonent) aşağı qaz istifadəsi limitini (1 200 kubmetrədək, 12 qəpik) keçməyib. Hesabat dövründə abonentlərin 39,3%-i (998 946 abonent) orta qaz istifadəsi tarifindən (1 200-2 500 kubmetr çərçivəsində, 20 qəpik) yararlanıb. Ötən il 346 557 abonent (ümumi abonentlərin 13,6 %-i) 25 qəpiklik tarifdən istifadə edib.
İndiki dövrdə bütün vətəndaşların  qaz limitlərinin yuksək olmasından şikayət etməsinə baxmayaraq, "Azəriqaz" İstehsalat Birliyinin (İB) Baş direktorunun belə bir açıqlama etməsi maraqlı bir faktdır.

İqtisadçı-ekspert, hüquqşünas Əkrəm Həsənov "Sherg.az”a deyib ki, etirazlara baxmayaraq deputatlar xalqa dəstək verməyənə qədər bu məsələyə baxılmayacaq.      
O bildirib ki, məsələni qanunla tənzimləmək mümkündür: 

"Qanunları isə parlament və deputatlar qəbul edir. Orada 125 deputat fəaliyyət göstərir. Bəziləri çox vaxt, pafosla danışır. Lakin pafosla danışmaqdansa, xalqın istəyinə uyğun qanunlar qəbul etmək lazımdır. Azərbaycan xalqı isə parlament seçkilərinə getmir, sonra görürlər ki,onları təmsil edən deputatlar var. Onlar da xalq üçün seçilmədiklərinə görə, insanların arzusuna uyğun qaydalar qəbul etmirlər. Bu səbəblə də seçkilərdə iştirak etmək lazımdır. Namizədliyə üzv seçilərkən soruşmaq lazımdır ki, bu problemi necə aradan qaldıracaqsız? İndi də gec deyil. Bütün vətəndaşlar seçki dairəsinə uyğun əraziyə yaxınlaşaraq deputatla bağlı şikayət edə bilərlər. Ümumiyyətlə isə məsələ "Azəriqaz"ın rəhbərliyinin səlahiyyətində deyil. Bu iş İqtisadiyyat Nazirliyinin tabeliyindədir. Onlar üçün isə əsas amil dövlət büdcəsini doldurmaqdır".