Daşlarla son görüş

“İrəlilədikçə bu daşlara hopmuş xəyallarım,xatirələrim mənimlə birgə gedirdilər. Addım səslərini duya bilirdim. Qarşısında dayandığım bu xarabalıq isə doğma 5 nömrəli məktəbim idi. On il qapısından sevinclə, həyəcanla, bəzən də həvəssiz addım atdığım məktəbim! Aç qollarını doğma məktəb! Aç, qucaqla, bağrına bas şagirdini!”

Bu sətrlər Ağdam azad olunandan sonra ilk dəfə gedərkən yazdığım "Daşlara hopan müəllim ömrü" hekayəmdəndir...İndi isə" Aç qollarını,bağrına bas şagirdlərini" deyirəm..Axı bu dəfə 45 ildən sonra sinif yoldaşlarımla birgə gəlmişəm ziyarətinə....

Həmin məqaləmin sonunda ömrümün daşlaşmış bir vərəqi yazmışdım...İndi isə ömrümün daşlaşmış sonuncu vərəqi yazıram...Çunki artıq bu daşlarla da vidalaşıb gəldik...

 “Bir səhər yuxudan durub
Özün uşaq görəsən.
Görəsən hamı evdədi,
Ölənləri sağ görəsən.”

Olduqca sadə dildə yazılan, lakin ruhu mürəkkəb şəkildə dalğalandıran misralarla başlamaq istədim yazıma. Ramiz Rövşənin ötüb keçən günləri, xatirələri, həyatımızda silinməz izlər qoyan insanların nəfəsinin dəyərini birləşdirdiyi o evdən danışmaq istəyirəm çünki… Hamının bir “bizim ev”-i var. Hansı ki o ev haqqında danışanda ürək döş qəfəsinə sığmır, hansı ki o evdən danışanda daxildə yatan ən balaca yanımız yuxudan oyanır. Uşaqları sakitləşdirmək də heç asan deyil!

Biz böyüklərə ayrılığı, ağrını, kədəri, ölümü rahatlıqla başa sala bilərik. Sıra uşaqlara gələndə isə dilimiz topuq vurmağa başlayır; onların anlaşılmaz baxan gözləri, təsəlli axtaran ürəkləri işimizi çətinləşdirir və nitqimiz sanki öz qabiliyyətini itirir. 

Bu gün mən və mənim uşaqlığım bu çıxılmaz küçənin astanasında, bütün çılpaqlığı ilə görünən ayrılığın yasını tutmağa başlamışıq. Reallıqla xəyalların, yuxularla kabusların, məntiqlə qəlbin savaşını veririk. O dayanmadan öz xatirələrini danışmaq istəyir, mənsə çarəsizliyin verdiyi xəyal qırıqlığı ilə onu dinləməyə çalışıram.  
Mən artıq o daşların son günlərini, anlarını yaşadığını anlayıram. O isə həmin daşlardan sıxılmadan, yorulmadan hər gün bir otağı inşa edir, əşyalarını yerləşdirir. Hətta qonaqları qarşılamağa başlayır, səsləri canlandırır, sonra donaraq üzümə baxır:

- Bizim bu evin qapısı hanı?

- Niyə çılçıraqlarımızın yeri boş qalıb?

- Mən gedəndə burada pərdələrimiz vardı, axı indi heç pəncələrimiz görünmür?!

- Bəs mama, papa, onların səsi niyə eşidilmir? Qonaq gediblər harasa?

Yaxşı ki bu suallar uzanmadan, o özünü yenə xəyalların isti qucağında tapır. Mənə də susmaq qalır. 
Bilirsiniz, ümidlə yaşamaq və “onsuzda bir gün qayıdacağam”- deyib sağollaşmamaq insanı xəyallarda diri saxlayır. Gördüyümüz, qarşılaşdığımız həqiqətlər isə insanı sarsır, üsyan etdirir, kədərə boğur və sonda yaşadığımız o xəyal qırıqlığı çarəsizliyi qulağımıza fısıldayır:
“Burada daha heç nə əvvəlki kimi olmayacaq.”
Sonra daha da qəddarlaşır:
“Burada daha bu ev də olmayacaq”…

Hər daşı bir arzuyla qoyulan bu evlər böyük bir tarixə şahidlik edib, bir buldozer zərbəsiylə dağılacaq. 
Şikayətim yoxdur əlbət, nə buldozerçidən, nə də buldozerdən. Bəlkə yerində daha böyük gözəlliklər ucalacaq. Xatirələrin üstündə daha fərqli xatirələr qol-budaq atacaq. 
Biz sadəcə özümüzlə dərdləşirdik.

Bizim ev...necə içdən səslənir..Mən sinif

yoldaşlarımdan...Kəmalədən,Cəmilədən,Şamildən,Pərvanədən,Şahindən,Rövşəndən,Naibədən,Mətanətdən,Təranədən,Nazimdən şanslıydım...Çünki bizim evimizin daşlarına üzümü sürtüb dərləşə bildim,vidalaşa bildim...Sanki onlar evlərini tapmadıqları üçün onlardan utandım...Amma onlar uşaqlıqda o qədər bizdə olmuşdular ki...Bizim evimizi məktəbimizdən bircə hasar ayırırdı...Arxaya çönəndə onların da mənimlə bərabər bizim evlə vidalaşdıqlarını gördüm...

“Saç ağarır… qoy ağarsın! Qoy var olsun ellərimiz. Yenə şirin diləklərdə, Ürəklərdə yaşariq biz…
Gəl əzizim, keçənləri Yada salaq dönə-dönə Ötən günə gün çatarmı Calasan da günü günə…” B. Vahabzadə