Tural Abbaslı: İcra hakimiyyətləri ləğv olunmalıdır

Onların bütün səlahiyyətləri bələdiyyələrə verilməlidir


  Azərbaycanda bələdiyyələrin birləşdirilmə proseduru müəyyənləşir. Bu, “Bələdiyyələrin birgə fəaliyyəti, birləşməsi, ayrılması və ləğv edilməsi haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb. Layihəyə əsasən, əhalisinin sayı 3000 nəfərdən və ya ev təsərrüfatlarının sayı 1000 vahiddən az olan bələdiyyələr sosial-iqtisadi vəziyyət, tarixi və digər yerli xüsusiyyətlər nəzərə alınmaqla digər bələdiyyələrə birləşdiriləcək. Belə olarsa, ölkədəki 1605 bələdiyyə 500-ə düşəcək. Birləşən bələdiyyələrin adlarının necə müəyyənləşəcəyi də məlum olub. Layihəyə əsasən, ad birləşən bələdiyyələr arasında əhalisinin sayı ən çox olan bələdiyyənin adına uyğun müəyyən ediləcək. 

  AĞ Partiya sədri Tural Abbaslı "Sherg.az"a bildirib ki, 20 ildən artıqdır Azərbaycanda bələdiyyələr fəaliyyət göstərir. Partiya rəhbərinin sözlərinə görə, Azərbaycanda bələdiyyə deyəndə, insanların əksəriyyətinin ağlına kommunal problemləri həll edən, yol çəkən, zibilləri yığan, küçə təmir edən qurum yox, "torpaq satan müəssisə" gəlir: 
"Bələdiyyələr Azərbaycanda əvvəlcədən uğursuz fəaliyyətə başladılar. Azərbaycanda bələdiyyə sistemi yaradıldı və sovet dönəminin idarəçiliyi olduğu kimi saxlanıldı. Yəni icra hakimiyyətləri institutu qaldı. İcra hakimiyyətləri faktiki həmin rayonun, yaxud kəndin rəhbərliyini edən, bütün səlahiyyətləri əlində cəmləyən bir orqandır. Nə qədər ki, icra hakimiyyətləri bu səlahiyyətləri, gücü öz əlində saxlayır, bələdiyyələrin inkişaf etməsi, maliyyələşməsi, xalqa xidmət göstərməsi mümkün görünmür. Nəzərə alaq ki, Azərbaycanda bələdiyyə seçkilərinə maraq yoxdur. O baxımdan düşünürəm ki, bələdiyyələrin sayının azaldılmasının səbəbi onların effektli fəaliyyətinə nail olmaq yox, 1600 bələdiyyəyə üzv tapılmamasıdır. 1600 bələdiyyənin hərəsinə 7 üzv lazımdır. Görün, nə qədər kadr tələb olunur. Hakim YAP belə bələdiyyələrə verməyə kadr tapmır".

  T.Abbaslı vurğulayıb ki, Azərbaycanda icra hakimiyyətləri ləğv olunmalı və onların bütün səlahiyyətləri bələdiyyələrə verilməlidir: 
"Bələdiyyələr o zaman effektiv fəaliyyət göstərə bilər. Ya da bələdiyyə institu ümumiyyətlə ləğv olunub, səlahiyyətlər icra hakimiyyətinə verməlidir ki, insanlar problemlərinin həllini kimdən soruşacaqlarını bilsinlər. Yoxsa camaatın yarısı qalıb bələdiyyənin, digər yarısı da icranın əlində... Bir sənədə görə vətəndaşı oradan-ora göndərirlər. Dövlət vəsaitinin əlavə və paralel strukturlara boş yerə xərclənməsinin qarşısını almaq lazımdır. 20 ildə Azərbaycan cəmiyyəti bələdiyyədən nə fayda götürüb? Məqsədli şəkildə bələdiyyə institutunun tərəqqisinə imkan verilmədi və bələdiyyə "ölü doğulmuş" quruma çevrildi. Sadəcə, Avropa Şurasının tələblərinə uyğun olsun deyə bələdiyyə strukturlarını təşkil etdik, vəssalam. Bələdiyyələrin sayı azaldılanda nə dəyişəcək? Bələdiyyənin təsir rıçaqları, resursları, maliyyə dayanaqlığı yoxdursa, qərarvermə mexanizmi zəifdirsə, 1600 bələdiyyənin 500-ə salınması nəyi dəyişəcək?". 

İsmayıl Qocayev