Ramazan orucunun savabını artıran əməllərdən biri də oruclu insanlar üçün iftar süfrələrinin təşkilidir
“Səfərdə olan şəxs oruc tutmaya bilər, ancaq bir şərtlə ki, sonradan onun qəzasını tutsun”
“İslamın bütün ibadətlərinin əsas qayəsi həm də ictimai faydaya nail olmaqdır”
Bugün Azərbaycanda Ramazan ayının 10-cu günüdür. Ramazan ayının ilk günü miladi təqvimlə 2024-cü il martın 11-nə düşüb. Qafqaz Müsəlmanları İdarəsindən bildirilib ki, martın 28-i və 30-u, aprelin 1-i və 5-i Qədr gecələridir. Fətvada vurğulanıb ki, on bir ayın sultanı olan Ramazanın gəlişi Azərbaycan xalqı üçün bu il də çox əlamətdardır. Çünki bu mübarək ayı Vətən müharibəsində əldə etdiyimiz şanlı Zəfər sevinci ilə yanaşı, separatçı rejimin süqutu - müqəddəs bayrağımızın Xankəndidə dalğalanması qüruru ilə qarşılayırıq. Müstəqillik tariximizdə ilk dəfə ərazi bütövlüyünü və suverenliyini tam təmin etmiş ölkəmizdə keçirilən növbədənkənar prezident seçkilərində qalib Xalq - qalib Lider seçiminin qələbə sevinci bu Ramazanda xeyir-dualarla yad ediləcək. İslam dininə görə, Ramazan ayında günün işıqlı vaxtı yemək, içmək, siqaret çəkmək və s. olmaz. Bunlardan yalnız uşaqlar, xəstələr, hamilə qadınlar, cəbhədə vuruşanlar, uzaq yola çıxanlar azad olunurlar. Fətvada din xadimlərinə iftardan öncə məclislərdə ehsan verilməsinin qəti qadağan olduğu da xatırladılıb. Qeyd edək ki, mərhəmət və şəfqət ayı olan müqəddəs Ramazan ayı ərzində iftar süfrələri açmaq, yardım və xeyriyyəçilik etmək, ehtiyacı olanlara, kimsəsiz insanlara, uşaq evlərinə, ahıl və qocalara imkan daxilində köməklik göstərmək Allah nəzərində bəyənilən əməllərdəndir. Quran tilavəti, valideynlərin qayğısına qalmaq, dünyasını dəyişənlərin ruhlarını yad etmək, elm-irfan və ibadətlə məşğul olmaq bu ayda ən böyük savab əməllərdən sayılır.
Millət vəkili, ilahiyyat üzrə fəlsəfə doktoru Ceyhun Məmmədov "Sherg.az"a deyib ki, islamda oruc tutmağın bir çox savab və fəzilətləri var:
"Məhəmməd Peyğəmbərdən rəvayət olunan bir hədisdə buyurulur ki, "Oruc istisna olunmaqla digər ibadətlər Adəm övladınındır. Oruc mənimdir, onun mükafatını mən verəcəm". Orucdan başqa heç bir ibadət haqqında Allah-Təala belə buyurmayıb. Bu da oruc tutmağın nə qədər böyük savab və fəzilətli əməl olduğunu bir daha göstərir. Ramazan orucunun savabını artıran əməllərdən biri də oruclu insanlar üçün iftar süfrələrinin təşkilidir. İslamın bütün ibadətlərinin əsas qayəsi həm də ictimai faydaya nail olmaqdır. Məhəmməd Peyğəmbər buyurub: “Kim bir orucluya iftar verərsə, oruclu qədər savab qazanar. Oruclunun savabından da heç nə əskilməz”. Bu gün bu ənənə əksər müsəlman ölkələrində geniş yayılıb. Burada əsas məqsəd həm də insanlar arasında birlik və həmrəyliyi daha da gücləndirməkdir. Cəmiyyətin üzvləri arasında birlik və həmrəylik möhkəm olduqda dövlətlər daha güclü olur. Allah hər zaman dövlətimizi güclü və möhkəm etsin. Odur ki, digər aylarda olduğu kimi, Ramazan ayında da imkansız insanlara imkanlarımız daxilində əl tutaq, onları iftar süfrələri təşkil edərək sevindirək. Bunu edə bilmiriksə, ən azından gücümüz çatan qədər ərzaq yardımı edək. Allah bütün dua və orucları qəbul etsin!".
Deputat vurğulayıb ki, orucluqla bağlı ən çox verilən suallardan biri də unudaraq qida qəbul etməyin və ya su içməyin orucu pozub-pozmaması ilə bağlıdır:
"Dinimizə görə, oruclu olduğunu unudaraq qida qəbul etmək və ya su içmək orucu pozmur. Bu barədə Məhəmməd Peyğəmbər buyurub: "Hər kim oruclu ikən yaddan çıxararaq yemək yeyər və ya su içərsə, orucunu tamamlasın. Çünki onu Allah-Təala yedirib-içirmişdir". Odur ki, oruclu olduğunu unudaraq qida qəbul edən və ya su içən insanlar narahat olmasınlar, oruclarına davam etsinlər. Onların orucu pozulmur".
C.Məmmədov əlavə edib ki, dinimizə görə, orucluqda səhura qalxmaq, obaşdanlıq yeməyi yemək vacib deyil. Ancaq Ramazanda səhura qalxmaq, obaşdanlıq yeməyini yemək dinimizdə tövsiyə edilən əməllərdəndir:
"Eyni zamanda dinimizə görə, səhura qalxmaq orucu bərəkətli edir. Məhəmməd Peyğəmbər bu barədə buyurub ki, "Səhur yeməyini yeyin! Həqiqətən də obaşdanlıq yeməyində xeyr-bərəkət var".
Gəlin, bu xeyir və bərəkətdən özümüzü məhrum etməyək. Bəzən insanlar müxtəlif səbəblərdən səhura qalxmadan, obaşdanlıq yemədən oruc tuturlar. Əslində, Ramazan öz ənənələri və ibadətləri ilə seçilən aylardandır. Əgər çox ciddi səbəb yoxdursa dinimiz bu əməli bəyənmir. Özümüzdə səhura qalxmaq, obaşdanlıq yeməyi yemək vərdişi yaradaq. Ramazan orucunu təkmil formada yerinə yetirək".
Parlamentari qeyd edib ki, dinimizə görə, səfərdə olan şəxslər oruc tutmaya bilərlər:
"Bu barədə "Qurani-Kərim"də buyurulur ki, "Sizdən kim xəstə və ya səfərdə olarsa, tutmadığı günlərin sayı qədər başqa günlərdə oruc tutsun!". Beləliklə, səfərdə olan şəxs oruc tutmaya bilər. Ancaq bir şərtlə ki, sonradan onun qəzasını tutsun. Məhəmməd Peyğəmbərin hədislərində də səfərə çıxanlara oruc tutmaq tövsiyə olunmur. Hədislərin birində buyurulur: “Peyğəmbər səfərdə ikən taqətdən düşmüş bir kişinin ətrafına toplaşmış əshabələri görüb və "nə baş verib" deyə soruşub. Onlar: “Bu adam oruc tutub” cavabını veriblər. Peyğəmbər buyurub ki, "səfərdə oruc tutmaq yaxşı əməl deyil". Məlum olduğu kimi, o dövrdə bir bölgədən digər bölgəyə səfər etmək və səfərdə oruc tutmaq həmin dövrün insanları üçün çox çətin idi. Çünki müasir nəqliyyat vasitələri həmin dövrdə yox idi. İndi isə insanlar 100 kilometrlərlə məsafəni bir-neçə saata təyyarə ilə qət edə bilirlər. Beləliklə, yenidən o nəticəyə gəlirik ki, səfərdə oruc tutmamaq Allahın bəndəyə ehsanı və lütfüdür və səfərdə olan insanlar oruc tutmaya bilərlər. Ancaq kiminsə səfərdə olarkən oruc tutmasına hər hansı qadağa yoxdur. Əgər kimsə düşünürsə ki, sonradan tutmadığı günlərin qəzasını tutmaq çətin olacaq, onun üçün orucuna davam edə bilər. Xüsusilə də indiki müasir nəqliyyat vasitələrinin inkişaf etdiyi bir dövrdə. Orucu açmaq üçün icazə verilən səfər məsafəsinə gəldikdə isə bu, 90 kilometrdir".