Ölkədə icbari sığorta üzrə daxilolmalar azalıb

2024-cü ilin yanvar-fevral ayları ərzində Azərbaycanda könüllü sığorta növləri üzrə 191 milyon 47 min manat, icbari sığorta növləri üzrə 48 milyon 671 min manat sığorta haqqı toplanılıb.

Trend Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, 2023-cü ilin yanvar-fevral ayları ilə müqayisədə könüllü sığorta növləri üzrə toplanan sığorta haqqları 11.4% və ya 19 milyon 620 min manat artıb, icbari sığorta növləri üzrə sığorta daxil olmaları isə 2% və ya 969 min manat azalıb.

Qeyd edək ki, hesabat dövründə könüllü sığorta növləri üzrə ödənişlərin məbləği 51.8% artaraq 79 milyon 822 min manat, icbari sığorta növləri üzrə ödənişlərin həcmi isə 1.7% azalaraq 17 milyon 611 min manata bərabər olub.

Beləliklə, cari ilin yanvar-fevral aylarında könüllü sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqından 41.8 manat sığorta ödənişi edilib. Bu rəqəm 2023-ci ilin ilk 2 ayında 30.7 manata bərabər olub. Bu ilin yanvar-fevral ayları ərzində icbari sığorta bazarında hər 100 manat sığorta haqqına düşən ödənişin məbləği isə 36.2 manat təşkil edib ki, bu göstərici ötən ilin ilk 2 ayında 36.1 manata bərabər idi.