Kimlərin taksi fəaliyyətinə icazə verilməyəcəyi açıqlanıb.
Bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) məlumat verilib.
“Etik davranış və avtomobil nəqliyyatı ilə sərnişin daşımalarını tənzimləyən normativ-hüquqi aktlara dair xüsusi hazırlığın keçməsini təsdiq edən sənədi olmayan sürücülər buraxılış vəsiqəsi, buraxılış kartının alınması üçün müraciət edə bilməyəcək və onların taksi fəaliyyətinə icazə verilməyəcək”, - məlumatda vurğulanıb.
Nəqliyyat məsələləri üzrə ekspert Rauf Ağamirzəyev “Sherg.az”a bildirib ki, keçən ilin ortalarından taksi fəaliyyəti ilə məşğul olan insanlara dair tələblərin müəyyən olunması və keyfiyyətin artırılması yönündə qərarlar verilib:
“Bu qərarlara əsasən etik davranış normalarına əməl olunması, sürücülük vərdişlərinin aşılanması, bəzi müasir texnologiyaların təbliğ olunması və mənimsənilməsi yönündə təlimlər keçirilir. Bir çox sürücülər bunda artıq iştirak edib və proses hələ də davam edir. Təlimdə iştirak edən sürücülər şəhadətnamə alaraq buraxılış kartları əldə edəcəklər. Həmçinin buraxılış kartları ilə sürücülər 7 il taksi fəaliyyəti ilə məşğul ola biləcəklər. Düşünürəm ki, bu təlimlərin əhəmiyhəti böyükdür. Çünki indiyə qədər olan neqativ halları aradan qaldırmağı hədəfləyib. Həmçinin taksi bazarında olan bir-sıra nizamsızlığı aradan qaldıracaq. Bu qaydaları keçməyən və buraxılış kartları olmayan sürücülərə dair qanunvericilikdə nəzərdə tutulmuş cərimələr var. Buraxılış vəsiqəsi olmadan daşıyıcı tərəfindən taksi minik avtomobilləri ilə sərnişin daşınmasının təşkilinə görə vəzifəli şəxslər 200 manat məbləğində, hüquqi şəxslər isə 1000 manat məbləğində cərimə ediləcək. Buraxılış kartı olmadan və ya avtomobil nəqliyyatı ilə sərnişin və yük daşıma qaydalarını pozmaqla taksi minik avtomobilləri ilə sərnişin daşınmasına görə 40 manat məbləğində cərimə olunacaq. Buraxılış kartı olmadan və ya avtomobil nəqliyyatı ilə qeyri-müntəzəm sərnişin və yük daşıma qaydalarını pozmaqla yük və qeyri-müntəzəm sərnişin daşınmasına görə 50 manat məbləğində cərimə olunacaqlar”.