Vətəndaşlara xəbərdarlıq: Kiberdələduzluq hallarının sayında ciddi artım müşahidə olunur

Kart məlumatlarının tam şəkildə əks olunmuş şəklini də heç kimə göndərməyin!

   Ani mesajlaşma tətbiqləri vasitəsilə vətəndaşlara qarşı fişinq kampaniyası həyata keçirilir.
 “Sherg.az” xəbər verir ki, bu barədə Elektron Təhlükəsizlik Xidməti məlumat yayıb. Belə ki, kiberdələduzlar vətəndaşlara qazanc vədi altında mesajlar göndərərək saxta keçidlərə yönləndirirlər. Qeyd olunan keçidlərdə vətəndaşların bank kartı və digər fərdi məlumatlarını ələ keçirmək üçün bölmələr mövcuddur. Elektron Təhlükəsizlik Xidməti vətəndaşlara naməlum mənbələrdən daxil olan mesajların tərkibindəki keçidlərə daxil olmamağı, bank kartı və digər fərdi məlumatlarını qarşı tərəfə ötürməməyi tövsiyə edir.
  Texnobloger  Fərid Pərdəşünas da sosial media hesabında  vətəndaşlara növbəti dəfə xəbərdarlıq müraciəti edib. Son günlər Azərbaycana edilən kiberhücum və kiberdələduzluq hallarının sayında ciddi artım müşahidə edildiyini vurğulayan F.Pərdəşünas  deyib ki, vətəndaşlara “YouTube kanallarına hücum", "saxta şans oyunlarında qazancla bağlı linklər", "gömrükdə ilişən malların bəyan edilməsi" ilə bağlı dələduzluq aktları, "həvəsləndirici investisiya yatırımları" ilə xüsusən telegram üzərində qazanc, "elan saytları üzərindən beh tələbi" kimi mesajlar ünvanlanır: “Yaxşı olar ki, insanlar elan saytlarında satdıqları məhsul üçün zəng edən şəxslərə kart məlumatlarını beh üçün təqdim etməsinlər. Gömrükdə olan məhsullarının statusu ilə bağlı yalnız müvafiq qurumun rəsmi tətbiqindən məlumat əldə etsinlər. Azərpoçt adından gələn saxta linklərə qətiyyən kart məlumatlarını əlavə etməsinlər. Yutuba bağlı email adreslərində 2 mərhələli təsdiqi altivləşdirməklə, FIDO açarlara üstünlük versinlər. Kiçik məbləğlərdə real olaraq qazandıran investisiya əməliyyatlarında, onlara müraciət edən saxta brokerlərə vəsait göndərməsinlər.

  Kibertəhlükəsizlik üzrə mütəxəssis Rəşad Zeyvəliyev isə “Sherg.az”a açıqlamasında deyib ki, qlobal dünyada rəqəmsallaşmanın inkişafı özü ilə bərabər kiberdələduzluğu da gətirir:
 “Müxtəlif vaxtlarda kiberdələduzlar fərqli üsullardan istifadə edirlər. Hazırda isə ən aktualı fişinq hücumları və hər hansı qurumun adından saxta səhifələrin yaradılması vasitəsilə insanların diqqətini cəlb edib vəsaitlərini mənimsəməkdir”. 
  Mütəxəssis deyib ki, kiberdələduzlar üçün ilkin mərhələdə hədəf haqqında məlumatların əldə olunması olduqca əhəmiyyətlidir: “Bunun başlıca səbəblərindən biri hədəfə ediləcək kiberhücum zamanı əldə edilən məlumatlar vasitəsilə zəif nöqtələrin təyin olunmasıdır və bu da öz növbəsində kiberhücumun növünü müəyyən edir. Yəni bir növ əldə olunan məlumatlar əsasında kiberdələduz hansı hücumu (fişinq, sosial mühəndislik, brute-force və s.) edəcəyini müəyyənləşdirir. Qeyd olunanları nəzərə alaraq hər hansı kiberhücum zamanı istifadə oluna biləcək fərdi məlumatlarınızı ictimaiyyətə açıq şəkildə sosial şəbəkələrdə paylaşmayın. Hər nə qədər kiberdələduzlara qarşı çoxsaylı tədbirlər görülsə də, kart məlumatlarınızın təhlükəsizliyi ilk növbədə sizin əlinizdədir. Ən kiçik bir diqqətsizliklə dələduzlar vəsaitinizi mənimsəyə bilərlər. Bir daha əhalinin diqqətinə çatdırmaq istəyirəm ki, dələduzlardan qorunmaq üçün kartın üzərindəki 16 rəqəmli nömrəni, yararlılıq tarixi və üçrəqəmli CVV kodunu heç kimlə bölüşməsinlər. Kartın məlumatları tam şəkildə əks olunmuş şəklini də heç kimə göndərməsinlər.  Onlayn əməliyyatlar üçün bank tərəfindən göndərilmiş birdəfəlik şifrəni (OTP)  də kimləsə  paylaşmaq olmaz. İnternet Bankçılıq və mobil tətbiq istifadəçi şifrələrini kənar şəxslərə deməyin/yazmayın. Xarici nömrələrdən gələn zəngləri cavablamayın, mesaj vasitəsilə gələn iş təkliflərinə inanmayın. O cümlədən də sosial şəbəkələrdə paylaşılan uduş, investissiya, kampaniya  və s. adı altında olan linklərin rəsmi mənbəyinin doğru olub-olmamasını dəqiqləşdirmədən həmin linkləri açmayın”.