Ailə institutu uçuruma gedir

Gender, ailə və demoqrafiya məsələlərinin işıqlandırılması

Biz boşanma statistikasını yox, boşanmaya qədər ailələrdə yaşanan problemləri təhlil etməliyik

Xüsusən də gənclər arasında ailə-nikah münasibətlərinə dair maarifləndirici işlər aparılmalıdır

  Azərbaycan əhalisinin sayı ilin əvvəlindən 6 769 nəfər və ya 0,1 faiz artaraq bu ilin mart ayının 1-i vəziyyətinə 10 187 539 nəfər təşkil edib. Bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.
Qeyd olunub ki, əhalinin ümumi sayının 54,5 faizini şəhər, 45,5 faizini kənd sakinləri, 49,8 faizini kişilər, 50,2 faizini isə qadınlar təşkil edir.
Cari ilin yanvar-fevral aylarında Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 17081 doğulan körpə qeydə alınıb.
Ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə bu göstərici azalaraq 11,7-dən 10,2-yə düşüb. Doğulan körpələr arasında oğlan uşaqlarının xüsusi çəkisi 52,5 faiz, qız uşaqlarının xüsusi çəkisi isə 47,5 faiz olub.
Bildirilib ki, doğulan körpələrdən 594-ü əkiz, 36-sı üçəm doğulub.
İlin ilk iki ayında Azərbaycanda 10 395 ölüm halı qeydə alınıb.
2023-cü ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə bu göstərici azalaraq 6,8-dən 6,2-yə düşüb.
  DSK-dan verilən məlumatda o da bildirilib ki, Azərbaycanda nikahların sayı azalıb, boşanmalar artıb. Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 2024-cü ilin yanvar-fevral aylarında 6739 nikah və 3456 boşanma halları qeydə alınıb. Qeyd edilib ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə nikahların sayı azalaraq 4,6-dan 4,0-a düşüb, boşanmaların sayı isə 1,8-dən 2,1-ə qədər artıb.
Azərbaycan tarixən güclü, bir çox dünya ölkələrinə nümunə ola biləcək ailə dəyərlərinə sahib olub. Lakin statistikadan da göründüyü kimi, müasir informasiya texnologiyalarının inkişafı, dünyada yeni sosial münasibətlər sisteminin formalaşması, sənaye dövründən informasiya dövrünə keçid ölkəmizin mövcud ailə modelinə təsirsiz ötüşməyib. Son illər Azərbaycanda ailə münasibətlərində çox ciddi böhran yaşanır.
Nikahların sayının azalma səbəblərindən danışan ekspertlər hesab edir ki, Azərbaycanda kişilərin ölkəni tərk etməsi ilə əlaqədar evlilik yaşına çatmış qızların ailə qurmaq şansları azalır, milli demoqrafik problemlərımız artır və nəticədə təbii artımın aşağı düşməsi millətin qocalmasına, gənc nəslin azalmasına səbəb olur. Maliyə sıxıntıları ailə qurmanı təxirə salmaqla nəticələnir. Boşanmaların artmasına səbəb isə bəzi müasir gənclərin ailəyə ciddi baxmaması, yaxın qohumların yersiz müdaxiləsi, maddi vəziyyətlərin ağırlığı, bəzi gənclərin narkotik və əyyaşlığa meyilli olması, meşşanlığa meylin güclənməsidir.
  Sosioloq Rəşad Əsgərov isə "Sherg.az"a açıqlamasında deyib ki, ailə dəyərlərini və demoqrafiyanı qorumaq üçün cəmiyyəti əxlaqi dəyərlər sisteminin qorunmasına və bunları deformasiyaya gətirən amillərin aradan qaldırılmasına ciddi fikir verilməlidir: 

“Azərbaycanda boşanmaların sayında həddindən artıq artım dinamikası özünü göstərir. Xüsusən də nikaha girənlərin sayının azalıb, boşanan ailələrin sayının artması ailə münasibətlərinə mənfi təsir edir. Boşanmaların sayını azaltmaq, boşanmaq üçün məhkəmələrə müraciət edən cütlüklər arasında ailə dəyərləri ilə bağlı söhbət aparılmalıdır. Müvafiq qurumların bu istiqamətdə həyata keçirdiyi maarifləndirmə tədbirləri boşanmaların artım dinamikasını azalda bilmir. Deməli, dövlətin xüsusi orqanları, xüsusilə də Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsi, Ədliyyə Nazirliyi, məhkəmə sistemi boşanmalarla bağlı məsələlərdə daha alternativ yolların seçilməsinə yol verməlidir. Biz boşanma statistikasını yox, boşanmaya qədər ailələrdə yaşanan problemləri təhlil etməli, boşanmaya səbəb olan motivləri aradan qaldırmalıyıq. Xüsusən də gənclər arasında ailə-nikah münasibətlərinə dair maarifləndirici işlər aparılmalıdır. Ailədəki sosial münasibətlərin tənzimlənməsi istiqamətində tövsiyələr verilməli, böyüklərin öyüdləri, yaxud xarici ölkələrin təcrübəsi sayəsində bu dinamikada dönüş yaratmaq olar. Eyni zamanda məhkəmələrdə boşanma prosesinin çətinləşdirilməsi, uzadılması da bəlkə insanların müəyyən qədər vaxt itirmək baxımından fikirlərini dəyişməsi və yaxud da ki, bu boşanma aktından imtina etməyə gətirib çıxara bilər”.
  R.Əsgərovun fikrincə, ailə institutu ilə bağlı ciddi islahatlar aparılmalıdır. Ailələrin həm maddi, həm sosial-mənəvi, həm hüquqi cəhətdən maarifləndirilməsi, ailədaxili problemlərin araşdırılmasında və yaxud da ailədaxili problemlərin aradan qaldırılmasında cəmiyyətdə olan müxtəlif institutlar, icmalar, təşkilatlar və dövlətin müvafiq olaraq icra strukturundakı müvafiq bu sahəyə baxan qurumlar müəyyən qədər yeni yanaşmalar təqdim etməlidirlər ki, bu boşanmaların faizi azalsın: “Əgər bu templə, bu ardıcıllıqla proses baş verərsə, onda cəmiyyətimizdə natamam ailələrin sayı çoxalacaq, valideynsiz və yaxud da ki, valideyndən məhrum olmuş uşaqların sosial müəssisələrə yerləşdirilməsi prosesi artacaq. Bu isə cəmiyyətin ümumi görünüşünə, cəmiyyətin ümumi inkişafına mənfi təsir göstərəcək. Eyni zamanda təsadüfi nikahlar, bir neçə gün əvvəl tanış olub tez-tələsik evlənmək istəyən gənclərlə söhbət aparılmalı, onların bir-birini nə dərəcədə tanıması, bir-birinə nə dərəcə uyğun olması diqqətdən keçirilməlidir”. Sosioloqun sözlərinə görə, iqtisadi-sosial problemlərlə yanaşı, bəzən tərəflərin inadkarlığı, xırda bir məsələni böyük bir problem halına gətirməsi, valideynlərin müdaxiləsi ailələrin dağılmasında əsas amildir: “Gənclərin nikaha qədər hazırlıqlarının zəif olması, ailə institutları haqqında biliklərin olmaması və ailədə tərəflərin bir-birinə güzəştə getməmələri sonda ağır nəticələrə gətirib çıxarır. Evlənən cütlüklər subaylıq dövründəki kimi azadlıq, sərbəstlik istəyirlər. Kişilərin evə gec gəlməsi, asudə vaxtlarını dostları ilə keçirməsi, qadınların ərlərinə xəbər vermədən istədikləri yerə gedib gəlməsi, istədiyi kimi geyinməsi narazılıq yaradır. Hər iki tərəf də öz dediyinin üstündə durduğu üçün yaşanan xırda bir anlaşılmazlıq məhkəmə zalında boşanma ilə nəticələnir. Çox az bir faiz olsa da, sonsuzluq da boşanmlara səbəb olur. Sadəcə, dövlət orqanları yox, vətəndaş cəmiyyətləri, ictimai birliklər ailə davamlılığının artırılması istiqamətində maarifləndirici tədbirlərin əhatəsini genişləndirməlidir”.