Cəzalar sərtləşdirilməli idi -AÇIQLAMA

Məişət zorakılığı bir nömrəli problemdir
 
Barışıqlıq əldə olunsa belə, növbəti mərhələdə həmin ailələrdə daha ciddi zorakılıq, qətl hadisələri qeydə alınır
 
 
 Məişət zorakılığının qarşısının alınması haqqında qanunvericiliyin pozulmasına görə cəzalar sərtləşdirilir. Bu, Prezident İlham Əliyevin təsdiqlədiyi İnzibati Xətalar Məcəlləsinə edilən dəyişiklikdə əksini tapıb.
Yenilənmiş qanuna görə, müvafiq dövlət qurumu ailədə münasibətlərin bərpa olunmasına köməklik göstərməyəcək. Əvvəlki qanun müvafiq orqanın öhdəsinə qoymuşdu ki, məişət zorakılığı baş verdikdə tərəflərin münasibətlərinin normallaşmasına və ailədə münasibətlərin bərpa olunmasına kömək etsin. Beləliklə, müvafiq dövlət qurumuna qanunla qoyulmuş bu öhdəlik artıq ləğv olunub.

 Professor, mediator Fərhad Mehdiyev isə “Sherg.az”a açıqlamasında deyib ki, məişət zorakılığı baş verən ailələrdə sonradan münasibətlər bərpa edilib, barışıqlıq əldə olunsa belə, növbəti mərhələdə həmin ailələrdə daha ciddi zorakılıq, hətta qətl hadisələri belə qeydə alınır: 

“Zorakılıq baş verən ailələrdə qurbanların qorunması üçün qanunda belə bir dəyişiklik zəruri hal alıb. Buna səbəb isə zorakılıq edən tərəfin islah olunmamasıdır. Xarici ölkələrdə də belədir. Ailədə məişət zorakılığı varsa,  tərəflərdən biri boşanma üçün müraciət etdikdə onları mediasiyaya yox, birbaşa məhkəməyə yönəldirlər. Barışdırmaq missiyası isə  sırf mental dəyərlərdən irəli gəlir. Barışdırmaq yalnız müvafiq orqan qadının arxasında zamin kimi dayandıqda effektiv olur. Ən azından kişi qadınına təzyiq etmək istəyəndə nəticəsinin onun üçün pis olacağını hiss etməlidir. Adi barışıq üsulu isə zorakılığı sonrakı dövr üçün daha da qəddarlaşdırır”.