Xəzər dənizində süni torpaq sahələri yaradılmamalıdır - TƏKLİF

Bu, dənizin sahil xəttinin zəbt edilməsinə dair ciddi risklər yaradacaq

   Xəzər dənizinin (gölünün) Azərbaycana mənsub olan bölməsində tikinti məqsədləri üçün süni torpaq sahələri yaradılacaq.
Dövlət Şəhərsalma və Aritektura Komitəsi aparatının sədri Rəşad İsmayılov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında - sözügedən sənədin müzakirəsi zamanı bildirib.
Onun sözlərinə görə, Xəzər dənizinin Azərbaycan hissəsində mülkiyyət məsələlərinin, tikinti-quraşdırma işlərinin tənzimləmələrinə ehtiyac üçün "Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsində süni torpaq sahələrinin yaradılması haqqında” qanun layihəsi hazırlanıb: "Bu qanun dənizin Azərbaycan hissəsində yaradılacaq süni torpaq sahələrinin kimə aid olması ilə bağlı məsələni həll edəcək. Azərbaycanda Xəzər dənizində tikinti təcrübəsi var. SSRİ dövründə estakadalar, Neft daşları qəsəbəsi yaradılıb".
  Qeyd edək ki, dənizdə süni torpaq sahələrinin yaradılmasından beynəlxalq təcrübədə geniş istifadə olunur. Məsələn, Niderland, BƏƏ, Çin, Almaniya, ABŞ və Yaponiyada süni torpaq sahələri var. Bəzi dövlətlər bundan enerji, nəqliyyat, turizm, digərləri isə hərbi məqsədlər üçün istifadə edirlər. Əkin sahələrinin artmasına, torpaqların eroziyasının azalmasına və məhsuldarlığın çoxalmasına imkan yaradır. Süni torpaq sahələrinin yaradılması turizm potensialını da artırır. Yaponiya süni adalardan nəqliyyat məqsədilə istifadə edir. Onu da deyək ki, süni adalar beynəlxalq konvensiya əsasında yaradılır. Yeni qanun layihəsi bu sahədə Azərbaycanda yeni imkanlara yol açacaq.
Lakin dənizdə torpaq sahələrinin yaradılmasının iqtisadi plusları ilə razılaşmayanlar da var. Bəzi ekspertlər qanunun qəbul ediləcəyi halda insanların Xəzər dənizində əlçatanlıq məsələsində ciddi risklərlə üzləşəcəyini düşünür.
  Mövzuyla bağlı “Sherg.az"a danışan iqtisadçı-ekspert Eldəniz Əmirov Xəzər dənizində süni torpaq sahələrinin yaradılaraq icarəyə və istifadəyə verilməsinə dair yeni qanun layihəsinin tərəfdarı olmadığını deyib. Onun sözlərinə görə, bu, Xəzər dənizinin sahil xəttinin zəbt edilməsinə dair ciddi risklər yaradacaq: 

“Qanun layihəsində süni torpaq sahəsinin dövlət mülkiyyəti olacağı və özgəninkiləşdirilməsinə yol verilməyəcəyi bildirilir. Lakin yaxın keçmişdən başlayaraq Xəzərin sahil xətti boyu müşahidə edilən vəziyyət, bu prosesin sadə insanlar üçün Xəzərin əlçatanlığını daha da çətinləşdirəcəyini deməyə əsas verir. Qanuna əsasən, hüquqi və ya fiziki şəxsin torpaq sahəsində, həmçinin sahilboyu zolağın altında olan torpaq sahəsində inşa etdiyi bina və qurğuların mülkiyyət hüquqları qeydiyyata alınacaq. Yaxşı, bəs onda Xəzərin sahilinin mülkiyyət hüququ ayrı-ayrı şəxslərə malik olan bina və digər qurğularla dolması Xəzərin sahil xəttini faktiki olaraq adi insanlar üçün əlçatmaz etməyəcəkmi? Digər bir məsələ Xəzərin strateji əhəmiyyətidir ki, bir gün elə bir məqam gələcək ki, bu gün qanunla atılmış addımlar və verilmiş mülkiyyət hüquqları gələcəkdə dövlətin maraqları önə çıxdığı zaman mülkiyyət toxunulmazlığına dair problemlər ortaya çıxaracaq".